Mənzil qiymətləri "əl yandırır"  - Bakının yükünü azaltmaq olar 

“Mənzil bazarında qiymətləri birbaşa tələbin dəyişməsi müəyyənləşdirir. Son illərdə ölkədə mənzillərə olan tələbin artması müşahidə edilir. Təbii ki, bu da daşınmaz əmlakın qiymətinin artımasına səbəb olur. Tək köhnə binalar deyil, təzə binalarda da qiymət artımı müşahidə olunur”.

Bu sözləri  iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, ölkədə mənzillərə tələbin artmasına səbəb olan amillər var:

"Məsələn, Rusiya-Ukrayna müharibəsi bütövlükdə regionda mənzillərə tələbin artmasına gətirib çıxarıb. Bu da daşınmaz əmlak qiymətlərinin yüksəlməsinə səbəb olub. 2022-ci illə müqayisədə qiymət artımları səngisə də, 2023-cü ilin geridə qalan aylarında mənzil bazarında qiymət artımları müşahidə olunub".


Millət vəkili hesab edir ki, tikinti materiallarının uzun müddət qiymətinin aşağı olması mənzil bazarına, eləcə də mənzillərin qiymətlərinə təsir göstərə bilər.

Mövzu ilə bağlı “Sherg.az”a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzil qiymətlərində artım hər il baş verir. Son illərdə isə bu artımın kəskinləşdiyinin şahidi oluruq, bunun bir neçə spesifsik  səbəbləri mövcuddur:

“Hal-hazırda paytaxt ərazisində  çoxmənzilli binaların inşaası üçün yararlı torpaq sahəsi demək olar ki, qalmayıb. Tikinti şirkətləri daha çox pilot layihələr üzərində işləyirlər. Bu da tikinti xərcinin artmasına gətirib çıxarır.  Son illərdə tikinti materiallarının da qiymətlərində artım mövcuddur. Bu da ümumi mənzil qiymətinə təsir göstərən amillərdəndir. Hazırda gənclər mənzil alarkən  problemlərlə üzləşir. Bakı şəhərində minimal  orta əmək haqqı alan şəxs pul toplayıb ev ala bilmir. Hətta kreditlə belə bu mümkün deyil. Gənclər üçün bəzi güzəştli layihələr işlənilməlidir. Tikinti xərcini artıran əsas səbəb torpaq xərcidir. Güzəştli mənzillər üçün isə dövlət torpaq sahəsi ayırır. Bu zaman yalnız mənzili tikən şirkətin tikinti xərcləri hesablanır. Düşən maya dəyəri müqabilində vətəndaşa satılır. Bu cür layihələr çoxalarsa, evlərin qiymətində endirimlər olar. Nəticədə aztəminatlı ailələr ev sahibi ola bilər”. 
Son dönəmlər Azərbaycanın mənzil bazarında olan qiymət artımından danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, qiymət artımı zamanı mənzil bazarını ayrıca götürüb dəyərləndirmək olmaz: 

“Mənzil bazarında qiymət artımının səbəbi ümumi infilyasiyadır. Tikinti materiallarının qiymətinin artması maya dəyərinin qalxmasına təsir göstərir. Azərbaycanda əsasən gənc ailələrin mənzil problem var. Gənc ailələrin mənzil problemini həll etmək üçün yeni proqramlara ehtiyac var. Bunlardan biri də əlçatan ipotekadır. Eyni zamanda regionlarda iş yerləri yaranarsa, bu proqramlardan istifadə edərək Bakının da yükünü azaltmaq olar”.