Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Bakıya gəlib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.
Məsələyə münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu təlimlər hər iki ölkənin Müdafiə Nazirlikləri arasında razılaşdırılmış plana uyğun həyata keçirilir:
"Amma təlim manidar olacaq. Çünki həm Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi dönəminə, həm də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi zamanına təsadüf edir. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ildə 10-dan yuxarı birgə taxtiki təlimlər keçrirlər. Ancaq 23-25 oktyabrda planlaşdırılan taktiki təlimin fərqi burada Türkiyə və Azərbaycanın Hərbi Hava Qüvvələri vasitələrinin də olmasıdır. Taktiki təlimlər ərazidəki hədəflər və əməliyyatlar üzərinə planlaşdırılır. Eyni zamanda hava hücumu vasitələrinin iştirakı ilə də əlaqələndirilir. Şuşa bəyannaməsindən sonrakı mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin mini modelinə keçişi bu təlimlərin də baş tutmasına nə qədər təsir edəcəyinin göstəricisi idi. Həmçinin, ordularımız artıq ştat strukturuna görə eyniləşdirilib. İndi sadəcə olaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin istifadəsində olan hərbi avadanlıqların fərqi var. Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələri ərazilərimizin hava məkanının birgə müdafiəsini təşkil etmək üçün bir mərkəz də yaratdılar.
Bununla bağlı məşqlər də həyata keçiriləcək. Bu isə dünyada presidenti olmayan məsələdir ki, biz onu Türkiyə ilə birgə bu hala gətirdik. Təlimlərin Naxçıvan ərazisində, xüsusilə də Əlahiddə Ümumqoşun Ordusunun bölmələri ilə keçirilməsi bütün ərazilərimizi əhatə edəcək mənasına gəlir. Həm Naxçıvan, həm də Azərbaycanın digər ərazilərində bu təlimlərin planlaşdırılması artıq vahid hava məkanı və bərpa olunmuş bölgələrimizin bütövlüyünün üzərindən keçirilməsi deməkdir. Bu isə bizə düşmən olan ölkələrə bir mesajdır. Yəni, artıq yeni mərhələdə Azərbaycana qarşı mümkün ola biləcək təhdid və təhlükə yaratmaq istəyən ölkələr bizi Türkiyə ilə coğrafiyada birgə qiymətləndirməlidir.
Eyni zamanda əksinə Türkiyəyə qarşı olan hər hansı təhlükədə də Azərbaycan Silahlı Qüvvələri qardaş ölkənin yanında olacaq. Xankəndidə bağrağımızın dalğalanmasından sonra bu təlimlərə Azərbaycan Silahlı Qüvvələri müzəffər ordu kimi qatılacaq. Bu isə iki ölkə Silahlı Qüvvələri üçün çox böyük məna kəsb edəcək. Biz gələcək zamanda da bütün təlimlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə fəaliyyətini görəcəyik. Türkiyə Silahlı Qüvvələri NATO-nun ən güclü ikinci ordusu sayılır. Eyni zamanda Azərbaycan da Cənubi Qafqazda müharibə görmüş ən güclü orduya malikdir".