Milli Məclisin deputatı, Qənirə Paşayevanın son layihəsi “Addım-addım Türkiyə" adlanır.
Bu layihəni ərsəyə gətirmək üçün Türkiyənin 60-dan çox vilayətini gəzən Qənirə Paşayeva sonunda onu filmə çevirmək qərarı alır.
Layihə özündə Türkiyənin ayrı-ayrı şəhərlərinin gözəlliyi və özünəməxsusluğunu əks etdirən məkanlar barədə dolğun fikir formalaşdırır.
"Sherg.az" filmin rejissoru Elnurə Kazımovayla əlaqə saxlayıb.
Kinorejissor bildirib ki, ekran işi Türkiyənin 100 illiyinə həsr olunub:
"Hazırda layihə Azərbaycan Dövlət Televiziyasında həyata keçirilir. Biz Qənirə xanım ilə Türkiyənin 81 vilayətindən 65-ni gəzdik. Təxminən 57-ni çəkib gətirmişik. Digərləri isə zəlzələ bölgəsi olduğuna görə heç bir görüntü əldə etmək mümkün deyildi. Filmdə əsasən elmi, mədəni, tarixi, məkanları və abidələri çəkmişik.
Demək olar ki, bu bir səyahət filmidir. Həmçinin, Qənirə xanımın yeni lahiyəsi idi. Azərbaycan Dövlət Televiziyasından Qənirə xanımın arzularını yerinə yetirərək bu layihəni həyata keçirəcəyik. Qənirə xanım bu lahiyəni kitab üçün başlatmışdı. Amma sonradan biz birlikdə düşündük ki, niyə də bunu film formasına salmayaq? Onsuz da, kitab üçün şəkillər və materiallar yığırıq. Buna görə də,Türkiyənin hər bir bölgəsinə aid olan məlumatları həm yazdıq, həm də görüntüyə aldıq. Eyni zamanda bununla bağlı Qənirə xanım ilə 3 aya yaxın işləmişik. Haradasa gəzmədiyimiz 16-17 vilayət qalmışdı.
Biz düşünürdük ki, sentyabrın 29 qayıdıb qalan vilayətləri çəkib gətirəcəyik. Məlum olduğu kimi səhhətində yaranmış ciddi problemlər ilə əlaqədar Qənirə xanım sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirildi. Çox təəssüflər olsun ki, Qənirə xanım 29-u torpağa tapşırıldı. Bununla da biz gedə bilmədik və layihə ilə bağlı yarımçıq məqamlarımız qaldı".