Paşinyanın Qarabağ ermənilərinə münasibəti birmənalı deyil  - ŞƏRH

Qarabağdan könüllü çıxmış erməni əsilli şəxslərdən 3 mindən çoxu Ermənistanı tərk edib.  Bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Qeyd edək ki, bir müddət öncə Paşinyan Qarabağı könüllü tərk edən erməni əsilli şəxslərin Ermənistanda yaşamaları üçün lazımi şərait yaradılacağını bildirmişdi.

Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, hər kəsə bəlli olan məsələdir ki, Ermənistanda Qarabağ ermənilərinə qarşı münasibət heç də yaxşı səviyyədə deyil:
 “Uzun illərdir ki, Ermənistan cəmiyyətinin özü sosioloji baxımdan Qarabağ ermənilərinə qarşı aqressiya göstərir. Onların içərsində rasional düşüncədə olan adamlar Ermənistanın bu gün düçar olduğu iqtisadi-siyasi vəziyyətin əsas  səbəbkarı olaraq birbaşa Qarabağ erməniləri və onlardan istifadə edən separatçıları günahlandırırlar. Digər bir tərəfdən ictimai-siyasi münasibətlər sistemindən  də açıq görünür ki, Nikol Paşinyan və onun komandasında təmsil olunan məmurların Qarabağ ermənilərinə münasibəti birmənalı deyil. Bu səbəblərlə yanaşı Ermənistandakı hazırki  sosial-iqtisadi vəziyyət  Ermənistana gələn Qarabağ ermənilərinə dəstək nümayiş etdirməyə imkan vermir. Hesab edirəm ki, bu gün Ermənistana gedən Qarabağ ermənilərinin əksəriyyəti erməni lobiisinin fəal cəmləşdiyi qərb ölkələrinə getməyə davam edəcək. Qarabağ ermənilərinin özləri də  hazırda Ermənistan cəmiyyətində və dövlətində birmənalı qarşılanmadıqlarının fərqindədirlər”.