Ədalətli sülhdə uduzanların olmayacağına ürəkdən inanan ölkə olaraq, bölgənin bütün nüfuzlu şəxslərinin iştirak edəcəyi beynəlxalq Fələstin-İsrail sülh konfransı təşkil etməyi təklif edirik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu konfrans son 30 ildə Madriddən Osloya, Şarm əş-Şeyxdən Annapolisə qədər baş tutan bir çox oxşar toplantılardan alınan dərslər işığında keçirilməlidir”, - Ərdoğan bildirib.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu fikirlər ilə Türkiyə lideri sülhü təşviq edir:
"Eyni zamanda bütün dünyanı dəvət edir ki, İsrail və Fələstin arasında sülhün təminatı ilə bağlı əlini daşın altına qoysunlar. Beləliklə bu qayəyə xidmət edən vicdanlı insanları bir mərkəzdə toplamaq istəyir. Əslində Türkiyənin addımı çox ciddi gedişdir. Eyni zamanda ümumi cahana hayqırışdır. Hər bir siyasətçiyə, dövlət başçısına, region və qlobal səviyyədə dünyanın tanıdığı bütün liderlərə özünü təsdiq etməklə bağlı çağırışdır. Yəni, İsrailə dəstək verib sonradan sülh göyərçini kimi görünən ikiüzlülüyü Rəcab Tayyib Ərdoğan dolayı yolla ifşa edir. Həmçinin, Ərdoğan həqiqətən sülh istəyən nüfuzlu şəxsləri bir toplantıya dəvət edir. Bunun necə nəticələr doğuracağı dünyanın hansı vəziyyətdə olduğunu müəyyən edəcək. Əgər Ərdoğan kimi sülhpərvər insanlar hələ də bölgədə varsa, bu dəvətə cavab verəcəklər. Belə bir konfrans baş tutsa, bütün hegemon güclərə və mötəbər təşkilatlara çox ciddi stimul olacaq. Çünki bunu görməzdən gəlmək mümkün deyil. Əks təqdirdə çağırışı icra etməyənlər bunun ən azından alternativini ortaya qoymalıdırlar. Rəcəb Tayyib Ərdoğanın fikirləri dünyaya, insanlığa və vicdanını itirməyən nüfuzlu şəxslərə qarşı bir çağırışdır. Ərdoğanın açıqlaması ən başlıca insanlığın bir imtahandır".