Xəbər verdiyimiz kimi Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüş keçiriblər.
APA xəbər verir ki, Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.
Gürcüstanın “İmedi” telekanalının məlumatına görə, Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat davam edib.
Danışıqların təfərrüatı açıqlanmayıb.
Baş nazirlərin görüşünü dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a söyləyib ki, Gürcüstan artıq geniş şəkildə Cənubi Qafqazda sülh quruculuğu prosesini qoşulub:
"Rəsmi Tbilisi ali səviyyədə görüşlərin keçirilməsini təmin edir. Gürcüstan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında görüş Tbilisidə keçirilsin. Həmçinin, onlar Tbilisi platforması və sülh gündəliyinin formalaşmasını istəyirlər. Buna dair çoxsaylı yanaşmalar da müşahidə olunmaqdadır. Baş nazirlər arasında görüşlərin baş tutması göstərir ki, Gürcüstan Cənubi Qafqazda sülhün dayanıqlı olmasında maraqlıdır və buna görə öz xidmətlərini təklif edir. Bu çox uğurlu bir model alına bilər. Çünki region dövlətləri Cənubi Qafqazın spesifikasını, siyasi, geosiyasi mahiyyətini və iqtisadi strukturunu çox yaxşı bilir. Burada isə hansısa kənar vasitəçi ölkələrə ehtiyac yoxdur. Azərbaycan dövləti də bu məsələyə müsbət yanaşır. Ona görə də, sülh müqaviləsinin detalları və önəmli maddələri məhz Gürcüstanda müzakirə oluna bilər. Bunun ilk işartılarını isə Baş Nazirlər səviyyəsində Tbilisi görüşündə əyani şəkildə görürük. Gürcüstan tərəfi də bununla regional sülhə töhfə vermək niyyətindədir. Gürcüstan dövlətinin istəkləri Azərbaycan və Ermənistan tərəfindən də müsbət qarşılaşacaq və getdikcə geniş vüsət alacaq".
Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tiflisdə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmüşdü.