Belə səfərlərin Azərbaycana faydası var

Çində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, mərasimdə "Əsas güc ölkələrinin məsuliyyəti və qlobal təhlükəsizlik əməkdaşlığı" mövzusu üzrə məruzə dinlənilib.

Müdafiə nazirinin Çinə səfəri davam edir.

Zakir Həsənovun Çinə səfərini və Pekin Syanşan Forumunun açılış mərasimində iştirak etməsini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Azərbaycanın xarici siyasəti konkret maraqların reallaşdırılmasına hədəflənib:

"Hazırda rəsmi Bakı Qərb dünyası ilə enerji təhlükəsizliyi sahəsində geniş əməkdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlər Azərbaycana bəzi siyasi-strateji və diplomatik hədəflərin reallaşmasında müəyyən imkanlar açır. Ancaq rəsmi Bakı Azərbaycanın maraqlarını yalnız Qərb dünyası ilə qurulmuş münasibətlərlə məhdudlaşdırmaq niyyətində deyil. Ona görə də, Azərbaycanın Asiya ölkələri ilə də faydalı əməkdaşlıq prinsipləri üzrə əlaqələri genişləndirilir. Bu baxımdan, Çin də Azərbaycan üçün böyük əhəmiyyət daşıyan dövlətlərin sırasına daxildir. Çinin geniş ticarət potensialı mövcuddur. Bu ölkə Azərbaycan üçün alternativ ticarət partnyoru rolunu oynamaq imkanına malikdir. Xüsusilə də, Çinin istehsal etdiyi hərbi texnika Azərbaycana cəlbedici xarakter daşıyır. Yəni, Azərbaycanın Çin istehsalı olan hərbi texnikanın alıcısına çevrilmə ehtimalı qətiyyən istisna deyil. Hər halda Azərbaycan kimi dövlətlər adətən, bütün sahələr, eləcə də, hərbi ticarət üzrə alternativ qaynaqların mövcud olmasına xüsusi maraq göstərirlər. Ona görə də, Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun Çinə səfəri çərçivəsində bu ölkədə istehsal olunan silah növlərinə maraq göstərilə, bu mövzuda müəyyən müzakirələrin ola biləcəyi tamamilə mümkündür".
Ekspert onu da qeyd edib ki, Azərbaycanın Asiya ölkələri, o cümlədən, Çinlə yaxın münasibətlər qurmaq niyyəti Qərb siyasi dairələrinə müəyyən dolayısı xəbərdarlıq mesajı xarakteri də daşıya bilər:

"Son vaxtlar Fransa başda olmaqla, bəzi Qərb ölkələri və qurumları Azərbaycana qarşı qərəzli mövqe tutmağa çalışırlar. Rəsmi Bakı Çinlə münasibətlərə xüsusi diqqət ayırmaqla, Azərbaycana qarşı qərəzli olan Qərb dairələrinə alternativ əməkdaşlıq məkanın mövcud olduğunu da xatırlada bilər. Yəni, belə səfərlərin Azərbaycana faydası tamamilə mümkündür və rəsmi Bakının siyasi-diplomatik təsir gücünü artırır".