İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 29-da gecə yarısında yazdığı HƏMAS-ın müharibəyə hazırlaşdığı barədə ona xəbərdarlıq etməyən təhlükəsizlik xidmətinin rəhbərlərini tənqid edən postunu səhər saatlarında silib.
Bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, Netanyahunun paylaşımı həm müxalifətdə, həm də koalisiyada etirazlardan sonra silinib.
Qeyd edək ki, Netanyahu gecə X və Teleqram kanalında Şin Betin rəhbəri Ronen Baranı və AMAN hərbi kəşfiyyatının rəhbəri Aaron Halivanı yalan danışmaqda ittiham edən bəyanat yayıb:
“Yanlış iddiaların əksinə olaraq, hökumət başçısı heç bir mərhələdə HƏMAS-ın müharibəyə başlamaq niyyəti ilə bağlı heç bir xəbərdarlıq almayıb. Bütün mənbələr, o cümlədən AMAN və Şin Bet başçıları HƏMAS-ın müharibə istəmədiyini və nizamlanmaya sadiq olduğunu söylədi.
Bu peşəkar rəy müharibənin başlanğıcına qədər təhlükəsizlik və kəşfiyyat orqanları tərəfindən dəfələrlə hökumət başçısına və Nazirlər Kabinetinə təqdim edilib”.
İsrailin müxalifət lideri Yair Lapid və milli təhlükəsizlik naziri və ifrat sağçı lider İtamar Ben-Qvir Netanyahunun postunu tənqid ediblər.
Netanyahu postunu siləndən sonra Şin Bet və AMAN rəhbərlərindən üzr istəyib: “Səhv etdim. Mətbuat konfransından sonra dediklərim deyilməməli idi və buna görə üzr istəyirəm. Mən bütün təhlükəsizlik xidmətlərinin rəhbərlərini tam dəstəkləyirəm”, - deyə o qeyd edib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Natiq Miri vurğulayıb ki, burada söhbət heç bir peşmanlıqdan getmir:
"Belə bir statusun yazılması və paylaşılması bir növ məsuliyyətdən qaçmaq istəyi ilə bağlıdır. Netanyahu bu məsuliyyəti yeni milli birlik hökuməti arasında bölüşə bilib. Yəni, təkbaşına bunu icra etmədiyi ortadadır. Belə məlumatı ictimailəşdirməklə məsuliyyəti öz üzərindən ataraq Xüsusi Xidmət Orqanlarının üstünə atmağa çalışır. Təbii ki, bu da təpki ilə qarşılanıb. Çünki məsuliyyət mövzusu bu günün məsələsi deyil. Müharibənin getdiyi bir vəziyyətdə milli birlik hökuməti ortaya çıxıb. Netanyahu bu cür fikirlər yazmaqla hökumətdə bütövlükdə yenidən qütbləşməni tətikləyib. Bu isə hökumətdə müəyyən parçalanma və qarşılıqlı inamsızlıq yaradır. Ona görə də, həm müxalifət, həm də hakimiyyətin içərisində olan bir çox şəxslər buna sərt şəkildə etiraz ediblər. Yəni, indi tənqidlərin zamanı deyil. Bu müharibədən sonrakı prosesdir. Onda hər kəs özünün məsul olduğu bütün vəzifələr ilə bağlı hesabat vermək məcburiyyətində qalacaq. Əslində, Netanyahunu gerçəyi bildiyi və hesabatın zamanında verilməli olduğunu anladığı üçün belə status yazıb. Ancaq sonradan başa düşdü ki, bu hökumətdə bir parçalanma yaradır. Savaş vəziyyətində isə bu İsrailə lazım deyil. Ona görə də, öz yazdığı fikri silmək məcburiyyətində qalıb. Yəni, hansısa kənar amillərin təzyiqi ilə olan hadisə deyil. Konkret olaraq milli irlik məsələsidir".