O silahlar Ermənistana ciddi problemlər yarada bilər  - Ədalət Verdiyev

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Qarabağdan könüllü çıxıb ölkəyə gələnlərin silah-sursatı təhvil vermələrini tələb edib.

Bu barədə "Report" "Sputnik Armenia"ya istinadən xəbər verir.

Nazirliyin məlumatına əsasən, bu addım onları məsuliyyətdən azad edəcək.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan daxili işlər naziri Vahe Qazaryan Qarabağdan gələnlərin gətirdikləri silahları təhvil verməyə çağırış edib. Nazir parlamentdə bəyan edib ki, Qarabağdan müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var:

"Artıq onları könüllü təslim etmələri halları da var. Hüquq-mühafizə orqanları izahat işləri aparır"


Sözügedən məsələni şərh edən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan ictimaiyyəti və mütəxəssisləri dəfələrlə Qarabağdakı mülki ermənilərin əlində müxtəlif  növ silahların olması ilə bağlı həyəcan təbili çalıblar: 

"Bu proseslərdə görüntülər və video materiallar da dərc olunub. Görünür ki, Ermənistan hakimiyyəti ölkədə baş verən çalxalanmalar fonunda mülki əhalinin əlində olan silahların nə vaxtsa təyinatı üzrə istifadəsindən narahatdır. Ermənistanın DİN-nin silah-sursatların yığılması üçün yaydığı informasiya hüquq mühafizə orqanlarının silahların toplanması ilə əlaqədar müəyyən problemlərlə qarşılaşdığını nümayiş etdirir. Erməni əhalinin əlində olan silahları  Vətən müharibəsi zamanı Ermənistan ordusu ərazilərdə atıb qaçmışdı. Yəni, Ermənistan ordusu fərarilik edərkən atdığı silahları mülki əhali mənimsədi və təhvil vermədi. İndi isə həmin silahlar Ermənistan hakimiyyəti üçün kifayət qədər ciddi problemlər yarada bilər. Buna görə də, Ermənistan DİN-in verdiyi çağırış tamamilə başa düşüləndir. Əvvəl Ermənistan Qarabağa silah daşıyırdı, indi də Qarabağdakı ermənilər həmin silahları Ermənistan ərazisinə qaytarıb. Bununla da kifayət qədər gərgin vəziyyət yaradıblar".