Fransa bu regionlara sülh və əmin-amanlıq gətirməyəcək  - RƏY

Emmanuel Makronun bu həftə Qazaxıstan və Özbəkistana səfərinin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır.


“Emmanuel Makron bu həftə Fransa nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana səfər edəcək. Səfərin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır. Makronun səfərinin başqa bir səbəbi var – postsovet ölkələrinin Rusiyadan asılılığına təsir göstərməyə çalışmaq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana, ertəsi gün isə Özbəkistana səfər edəcək.



Məsələyə münasibət bildirən politoloq Sultan Zahidov "Sherg.az"a söyləyib ki, səfər çərçivəsində Makron özü ilə bərabər 15 nəfərlik heyət də aparır:

"Burada Fransanın iş adamları, eyni zamanda enerji, kənd təsərrüfatı və digər sahədə olan şirkətlərinin görüşdə iştirakı nəzərdə tutulur. Bu o deməkdir ki, həmin görüşdə mühüm razılaşmalar imzalanacaq. İlk ağıla gələn isə  enerji sahəsində Fransanın Mərkəzi Asiya ilə əməkdaşlığıdır. Qazaxıstan bu günə qədər Fransaya Uran təchizatında birinci yerdə idi. Fransanın enerji təhlükəsizliyində ATOM elektrik stansiyası əsas rol oynayır.  ATOM elektrik stansiyasında da yanacaq kimi məhz Urandan istifadə edilir. Bu baxımdan Fransanın bu əməkdaşlığı daha da dərinləşdirmək istəməsi anlaşılandır. Nəzərə alsaq ki, Fransa son vaxtlar xüsusilə də, 2020-ci ildən bu günə kimi Afrikanın Sub-Saxara regionundakı tədarükçülərini itirməyə davam edir. Ən son Nigerdə baş verən çevriliş və hərbi xuntanın hakimiyyətə gəlməsi Fransanın ikinci ən böyük Uran tədarükçüsü olan Nigerdən də məhrum olma anlamını verir. Bu baxımdan Fransanın alternativ regionlara üz tutması başa düşülən haldır. Həmçinin, bu səfərin əsas məqsədlərindən biri Özbəkistan və Qazaxıstan ilə  enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdir.
Eyni zamanda Qazaxıstanda yeni nüvə reaktorunun tikilməsi nəzərdə tutulur. Bu  günə qədər Qazaxıstanda Fransanın "Orano" şirkəti fəaliyyət göstərirdi. "Orano" şirkəti yerli qaz ATOM promla bərabər nüvə istismarı ilə məşğul idi. Səfər Fransanın enerji təhlükəsizliyində Mərkəzi Asiya regionuna daha çox bel bağladığıni göstərir. Həm də, Avropanın ümumilikdə Rusiyadan enerji asıllığının azaldılması istiqamətində Mərkəzi Asiya alternativ yol kimi nəzərdən keçirilir".


Ekspert onu da qeyd edib ki, Fransanın səfərinin digər səbəbi Mərkəzi Asiya regionunu Rusiya təsir dairəsindən çıxarmaqdan ibarətdir:

"Makron özü də bilir ki, Mərkəzi Asiya regionu Rusiya üçün bir arxa bağça rolunu ifadə edir. Şimal qonşumuz heç bir halda Mərkəzi Asiyada  başqa bir ölkənin dominant olmasını istəməz. Əvvəllər ABŞ  buna cəhd edib. Hətta Çinin belə Mərkəzi Asiyada böyük layihələri var. Bununla belə Rusiya hər məqamda bu dövlətlərin Mərkəzi Asiyada dominant olmağına mane törətməyə çalışıb. İndiki halda Fransanın bu regiona gəlməsini Rusiya heç zaman istəməz. Fransa isə Mərkəzi Asiyada öz nüfuz dairəsini yaratmağa çalışır. Mərkəzi Asiya dövlətlərinin Rusiyadan xeyli asılılıqları var. Xüsusilə də, Qazaxıstanın neft və Avropaya nəql etdiyi resursların keçdiyi kəmərlər Rusiya ərazisindən keçir. Buna görə də, Fransa Mərkəzi Asiya ölkələri üzərində Rusiya təsirini zəiflədərək, özü hakim dövlətlərdən birinə çevrilmək istəyir. Təbii ki, Rusiya bununla bağlı müəyyən addımlar atacaq. Şimal qonşumuz Qazaxıstan və Özbəkistan ilə yeni qaz sazişi imzalayıb. Bu sazişlərin hər biri bir rıçaqdır. Yəni, Mərkəzi Asiyada güclənmək həmin ölkələri daha da asılı hala salmaq üçün bir vasitədir. Hazırda Ukrayna və Rusiya müharibəsi gedir. Bu isə Avropa və Makron üçün bir fürsətdir. Həmçinin, Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə nüfuzunu artırmağa çalışır. Amma buna Rusiyadan daha çox Azərbaycan və Türkiyənin birgə fəaliyyəti əngəl olur. Çünki Fransa bu regionlara heç də sülh və əmin-amanlıq gətirməyəcək. Fransa indiyə kimi Afrikada uzun illər həyata keçirdiyi imperialist siyasətin şahidi olduq. Afrikadan yavaş-yavaş uzaqlaşdırılan Fransa oradakı niyyətlərini postsovet məkanında keçirməyə çalışır. Mərkəzi Asiya başa düşür ki, Fransa o regionunda sadəcə öz maraqlarını güdür. Buna görə də, Mərkəzi Asiya dövlətləri Fransaya tam olaraq nüfuz sahibi olmağa imkan verməyəcək".