Yeni təyyarələr almaq çox baha başa gəlir - EKSPERT

Ona görə AZAL lizinq və icarə yolu ilə problemi həll etməyə çalışır

Tarixində ilk dəfə olaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL “GetJet Airlines” ilə üç “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb.

Bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur.

“GetJet Airlines” ilə sazişin imzalanması aviaşirkətin uzunmüddətli inkişaf strategiyası və AZAL-ın müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində növbəti addımdır. Aviaşirkət sərnişinlər üçün etibarlılıq, təhlükəsizlik və rahatlığın təmin olunması üçün marşrutların sayını və tezliyini artırmaqda davam edir.
Marşrut şəbəkəsi və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL sərnişinlərin artan tələbatlarını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə etməyi planlaşdırır.

“GetJet Airlines” tərəfindən icarə üçün təqdim olunan lizinq təyyarələri təhlükəsiz və etibarlı uçuşları təmin edən yüksək beynəlxalq aviasiya standartlarına cavab verir. Litvanın “GetJet Airlines” aviaşirkəti IOSA sertifikatına malikdir və ACMI daşımaları və çarter reysləri üzrə ixtisaslaşmışdır.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünya aviaşirkətləri təcrübəsində həm lizinq, həm də icarə çox geniş yayılmış praktikadır: 

"Azərbaycan hava yollarının da müxtəlif istiqamətlərdə son zamanlar reyslərinin sayı artıb. Əsasən Avropa istiqamətində daha çox artım müşahidə edilir.  Təyyarələrin isə sayı kifayət qədər deyil. Yeni təyyarə almaq çox baha başa gəldiyinə görə lizinq və icarə yolu ilə problemi həll etməyə çalışırlar. Bununla bağlı başqa müqavilələrin olma ehtimalı var. Ona görə də, bu  təyyarə parkının çoxalmasına, reys sayların artmasına və qiymət siyasətinə  müsbət təsir edəcəksə, çox doğru istiqamətdə atılmış bir addımdır. Ümumiyyətlə AZAL-ın rəhbərliyi hələ yeni dəyişib. Bu sahədə müəyyən işlər görülür. Amma nəticə etibarilə bir müddət keçməlidir ki, struktur islahatlarının, izafi xərclərin azaldılması qiymətlərə və fəaliyyətin keyfiyyətinə daha çox müsbət təsir göstərsin".