"Hətta gələcəkdə Misirin də müharibəyə qoşulması gözləniləndir"
“Uzun və mürəkkəb kampaniyaya hazırıq, qalib gələcəyik”. Bunu İsrailin müdafiə naziri Yoav Qallant “X”də yazıb.
Onun sözlərinə görə, Qəzzada HƏMAS-la döyüşdə İsrail döyüşçülərinin həlak olması ağrılıdır: “Təəssüf ki, Qəzza zolağının dərinliklərində aparılan güclü döyüşlərin mühüm nailiyyətləri baha başa gəlir”.
Açıqlamı "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov söyləyib ki, İsrail rəhbərliyi tərəfindən səsləndirilən bəyanatlar və proseslər Yaxın Şərqdəki savaşın tez bir zamanda sona çatmayacağını deməyə əsas verir:
"Yəni müharibə uzanacaq. Digər tərəfdən dolayısı yolla qonşu ölkələr də artıq savaşa qoşulub. Məsələn, Livan. Baxmayaraq ki, bu rəsmi səviyyədə elan olunmayıb, amma "Hizbullah" silahlı birləşməsinin İsrail ərazisini atəşə tutması artıq onun müharibəyə qoşulduğunu göstərir. Həmçinin bu gün İran XİN rəhbəri ilə Türkiyəli həmkarı görüşdülər və birgə mətbuat konfransı keçirdilər. Sözügedən konfransda isə hər iki nazir savaşın genişləndirilməsinə dair aydın mesajlar verdilər. Böyük ehtimalla Yaxın Şərqdəki müharibə genişlənəcək"
Analitik əlavə edib ki, digər ərəb ölkələrinin savaşa qoşulacağını istisna etmir:
"Hətta gələcəkdə Misirin də müharibəyə qoşulması gözləniləndir. Çünki proseslərdə maraqlı olan kifayət qədər böyük güclər var. Həmin qüvvələr isə öz təsir dairələrində olan aktorlardan istifadə edərək maraqlarını təmin etməyə çalışırlar. Yəni ABŞ, Rusiya, İran, hətta Türkiyənin belə Yaxın Şərqlə bağlı öz maraqları var. Belə olan təqdirdə deyə bilərik ki, Yaxın Şərqdəki savaş regionaldır. Ümumiyyətlə müharibənin genişlənəməsi təqdirində kiçik aktorlar və böyük oyunçular öz mövqelərini konkret şəkildə ortaya qoyacaqlar. Hazırda dünyada proksi müharibə gedir. Lakin bir müddət sonra böyük güclər də açıq şəkildə müharibəyə qoşula bilər ki, bu da "3-cü dünya savaşı" ilə nəticələnəcək".