"Bütün hallarda İran dövləti Ermənistana lazım olan qədər təbii qaz verə biləcək imkandadır"
Ermənistan-Rusiya münasibətlərindəki hazırkı böhranın cavabı Moskvanın İrəvana verdiyi qazın qiymətini artırması olacaq. Belə olan halda sual yaranacaq: ermənilər qazı hansı ölkədən alacaqlar?
Bunu erməni politoloq Hayk Xalatyan deyib.
“Əgər İrəvan düşünürsə ki, İrandan alacaq, çox yanılır. İran Paşinyanın regiondankənar qüvvələri bölgəyə gətirməsi faktını qəbul etməyəcək, ona görə də İrandan qaz almaq hələ mümkün deyil. Prinsipcə, Paşinyan Cənubi Qafqaza regiondankənar qüvvələr yeritməklə Ermənistanın özünün gələcəyini təhlükə altına qoyur. İrəvanın oxşar siyasəti davam edərsə, Ermənistan Suriyanın aqibətilə üzləşəcək”, - o bildirib.
Hayk Xalatyanın fikirlərinə münasibət bildirən politoloq Sədrəddin Soltan "Sherg.az"a deyib ki, erməni politoloq məsələyə daha çox Rusiya tərəfdən yanaşır. Yəni, Rusiya olmasa Ermənistan "məhv olar":
"Bir zamanlar Şimal qonşumuzun tanınmış siyasiləri Rusiya olmasa Azərbaycan və Gürcüstan əlacsiz qalar kimi fikirlər də səsləndiriliblər. Hətta Sovet hökuməti dönəmində də SSRİ olmasa müttəfiq Respublikaların hamısı "acından ölər" kimi şüarlar söyləyirdilər. Bütün bunlar isə özünü doğrultmadı. SSRİ dağıldı, amma müttəfiq Respublikalar "acından ölmədi". Eləcə də Rusiya qazı heç də Ermənistan üçün həyatı məsələ deyil. Ermənistan İranla bu istiqamətdə vaxtilə danışıqlar aparıb. Eyni zamanda Nikol Paşinyan hakimiyyəti özü üçün Rusiyanı əvəzləyəcək yeni qüvvələr axtarır. Fikrimcə, Rusiya Ermənistana qarşı qazın qiymətini qaldırsa belə, Rəsmi İrəvan Tehrandan təbii qaza olan ehtiyacını ödəyə biləcək. Hətta İraqın şimalından Ermənistan ərazisinə ötürülməklə qaz almaq mümkün ola bilər. Ona görə də, Ermənistanın perspektivdə Rusiya qazından asılı vəziyyətə qalacağı məsələsi məntiqi deyil. Heç buna görə Rusiya orbitinə qayıtmasının gözlənilməsi də doğru sayılmaz.
Həmçinin, Ermənistan və Azərbaycan arasında münasibətlər normallaşdığı təqdirdə biz də onlara təbii qaz sata bilərik. Ermənistan iqtisadiyatı Rusiyadan elə asılı hala düşüb ki, bu müəyyən mənada hörümçək toruna bənzəyir. Ermənistan hakimiyyəti isə indi hörülmüş toru yavaş-yavaş açmağa çalışır. Bu zaman isə bəzən iplər dolaşır və yeni tələlər üçün imkanlar açılır. Bütün hallarda İran dövləti Ermənistana lazım olan qədər təbii qaz verə biləcək imkandadır".