"Üçüncü Dünya müharibəsi ərəfəsindəyik”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bosniya və Herseqovinadakı Saraybosna Universitetinin yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, böyük güclər indi güc nümayiş etdirirlər: “Birinci və ikinci dünya müharibəsindən fərqli olaraq, indi əvvəlcə yumşaq güclərdən istifadə olunur”.
N.Kurtulmuş bildirib ki, dünyada islamofobiya meyilləri sürətlə güclənir.
TBMM sədri həmçinin bəşəriyyətin ən çətin dövrlərdən keçdiyini söyləyib.
Numan Kurtulmuşun fikirlərinə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a vurğulayıb ki, ümumiyyətlə üçüncü dünya müharibəsi fenomeni son vaxtlar daha çox müzakirə olunur:
"Artıq bu müharibənin başlaması qaçınılmaz hala gəlib. Müxtəlif regionlarda, o cümlədən Şərqi Avropada, Yaxın Şərqdə və Balkanlarda fərqli münaqişə ocaqları yaranmışdır. Eyni zamanda vaxtilə dondurulmuş münaqişə ocaqlarının yenidən alovlandırılması üçüncü dünya müharibəsinin olmasına dair ehtimalları artırır. Müxtəlif regionlarda davam edən savaşların iki iştirakçısı yoxdur. Məsələn, Şərqi Avropada Rusiya ilə Ukrayna arasında müharibə gedir. Rusiya və Ukrayna müharibənin birbaşa iştirakçısıdır. Amma halbuki prosesdə maraqlı olan daha böyük güclər var. ABŞ, İran Türkiyə, Almaniya bu qüvvələrə numunədir. Dünyada buna vasitəçilik müharibəsi deyilir. Yəni, böyük güclər təsir edə bildikləri siyasi aktorladan istifadə edərək ayrı-ayrı bölgələrdə öz maraqlarını təmin etməyə çalışırlar. Buna paralel olaraq münaqişə ocaqları qızışır və mövcud müharibələr daha da gərginləşir. Bu isə kənarda qalan dövlətlərin mövqeylərini göstərməyə çalışdığına gətirib çıxarır".
Analitik onu da söyləyib ki, bir müddətdən sonra Misir də Yaxın Şərqdə müharibəyə qoşula bilər:
"Çünki Misir görəcək ki, savaş davam edir və kənardan qalmağın faydası yoxdur. Bütün Ərəb dövlətləri İsrailə qarşı ayağa qalxsa, təbii ki, Misir müharibəyə qoşulacaq. Proseslər üçüncü dünya müharibəsinin başlamasına doğru gedir. Digər tərəfdən indi böyük güclər səhnə arxasından işləyirlərsə, daha sonra açıq oyun nümayiş etdirəcəklər. Həmçinin, bir müddətdən sonra böyük şahmat taxtasında açıq oyun başlayacaq. Həmin andan etibarən üçüncü dünya müharibəsi rəsmiləşəcək".