Peşəkar gizirlər hazırlanacaq

Azərbaycan ordusu artıq mərhələli şəkildə peşəkar qoşuna keçmək astanasındadır

"Yeni hərbi təhsil sistemində gizirlərin hazırlanması üzrə yeni tələblər müəyyənləşdirilib. Bu ildən etibarən gizir hazırlığı kurslarının müddəti 2 il olacaq".

Bunu Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev deyib.

Onun sözlərinə görə, bu müddət istər hərbi biliklərin, təcrübi vərdişlərin öyrədilməsi, aşılanması baxımından, istərsə də orta təhsil almış gəncin hərbçi kimi formalaşması baxımından hərbçi kadr kimi hazırlığında ən optimal müddətdir:

"Gizir hazırlığı kursuna tam orta təhsilli gənclər qəbul olunur. Bu kurs artıq fəaliyyətə başlayıb.İstər zabit hazırlığı, istərsə də gizir hazırlığı, bu kurslarda təhsil almaq istəyənlərin, daha dəqiq desək, gələcəkdə zabit, gizir olmaq istəyənlərin vətənpərvərliyi ilə şərtlənir".


Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a söyləyib ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da peşəkar ordunun əsas bazası gizir və Müddətdən Artıq Xidmət Edən( MAXE) şəxslərdən ibarətdir:

"Ordunun əsas onurğa sütunu hesab olunan gizirlər yuxarı komandanlıqla sıravi hərbi qulluqçular arasında körpü rolunu oynayır. Eyni zamanda onlar ordunun nizam qaydasından tutmuş, döyüş əməliyyatları zamanı proseslərdə birbaşa iştirak edirlər.  Vətən müharibəsi dövründə, antiterror tədbirləri zamanı da döyüşən hərbi qulluqçuların böyük bir hissəsi gizirlər idi. Müharibənin əsas yükü onlara düşüb, zərbəsi məhz onlara dəyib. Həm Xususi Təyinatlı Qüvvələrdə, həm də digər qoşun növlərində gizir və MAXE-nin iştirakı çox vacibdir. Bu baxımdan gizir kurslarının vaxtının uzadılması peşəkar gizir rütbəli şəxslərin yetişdirilməsi məqsədi daşıyır. Bu çox doğru addımdır. Çünki Azərbaycan ordusu artıq mərhələli şəkildə peşəkar qoşuna keçmək astanasındadır. Proses bundan sonra da davam edəcək. Məhz ilkin təhsil və tədrisin iki il edilməsi peşəkar ordu quruculuğunun yaradılması məqsədi daşıyır".