ABŞ dövlət katibi Antoni Blinken Ankaraya gələcək. "Sherg.az" "Operativ Media" ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı ilə görüşündə İsrailin Fələstindəki əməliyyatlarını müzakirə edəcəyi gözlənilir.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken 5 noyabr bazar günü Ankarada olacaq.
Qeyd edək ki, oktyabrın 30-da iki nazir arasında telefon danışığı olub.
Danışıq zamanı nazir Fidan telefon danışığında Qəzzada ayrı-seçkilik olmadan insanların hədəf alınmasının qəbuledilməz olduğunu vurğulayıb.
ABŞ dövlətinin narahat olduğunu vurğulayan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, İsrail Fələstin müharibəsi əvvəlkilərə bənzəmir:
"Artıq İsrailin qarşısında hərbi bir müqavimət dayanır. Yəni, öncə daş-kəsək, sapand ilə müqavimət görürdüsə, indi önündə silahlanmış hərbi güc görür. Artıq İsrail quru əməliyyatlarına başlayıb, amma prosesin necə getməsi ilə bağlı məlumat yaymırlar. Hizbullah İsrailə ultimatum verib. Burada yeni cəhbələrin açılması məsələsi var. Eyni zamanda bu məsələdə Türkiyə, İran Rusiya eyni mövqedən çıxış edirlər. Rusiyanın BMT-dəki nümayəndəsi çıxış etdi ki, İsrailin müdafiə haqqi yoxdur. Yəni, Rusiya bu qədər konkret mövqe sərgiləyib. Çünki İsrail dinc əhalini qırır. Ona görə də, Türkiyənin, İranın və Rusiyanın mövzuya münasibəti dəqiqdir. Türkiyə hərbi baxımdan NATO-nun ikinci ölkəsidir. Blinkenin Ankaraya səfəri zamanı ABŞ və Türkiyə öz narahatlıqlarını bildirəcəklər".
Analitik onu da söyləyib ki, ABŞ-nin konkret olaraq İsrailin tərəfini tutması məsələləri daha da qəlizləşdirir:
"Amerikanın hərbi gəmiləri artıq İsrail və Fələstin sahillərindədir. Əgər İsrail uğursuzluğa düçar olsa, Amerika müttəfiqini qorumaq üçün müharibəyə qoşulacaq. ABŞ-nin müharibəyə qatılması prosesdə digər ölkələrin də müdaxiləsinə səbəb ola bilər. Müzakirə masasında böyük dövlətlər hansı qərara gəlsə, İsrail Fələstin müharibəsinin gedişatı buna uyğun davam edəcək. Eyni zamanda İsrailin quru əməliyyatında nə qədər uğur qazanması da buna təsir göstərəcək".