Qadınlar getdikcə daha çox sahələrdə işə cəlb olunacaqlar

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Bütün bərabərsizlik aradan qaldırılır

“Bu da onların həm əmək bazarında bərabər təmsilçiliyinə, həm də orta aylıq əməkhaqqı arasındakı fərqin aradan götürülməsinə gətirib çıxaracaq”

  Qadınların məşğulluğu bu gün aktuallığını itirmir. Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində qanunvericilik aktları mövcuddur, dövlət siyasətində gender bərabərliyinin qorunması əsas prinsiplər sırasındadır. Lakin buna baxmayaraq, bəzən qadınların işlə təmin eidlməsi, əməyə, məşğulluğa cəlb edilməsində problemlər yaşanır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən “Qadın əməyinin təşviqi” mövzusunda maarifləndirmə tədbiri də bu sahədə problemlərin işıqlandırılmasına həsr olunub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xidməti ərazisinə aid Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının əsas işəgötürənləri, digər dövlət orqanlarının, ictimai birliklərin, Həmkarlar İttifaqının nümayəndələri və ADPU-nun Səki filialının kollektivi iştirak edib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Əmək siyasəti şöbəsinin sektor müdiri Rəşad Əhmədov, həmin şöbənin əməkdaşı Orxan Nadirov, Şəki-Zaqatala regional Məşğulluq filialının sektor müdiri İlham Mikayılov, 12 nömrəli Yol İstismar MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Əhməd Əhmədov çıxış edib. Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan məşğulluq imkanlarının artırılması ilə bərabər, layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi istiqamətində fəal dövlət siyasətinə malik ölkələrdən biridir. Son illər əmək münasibətləri sahəsində innovativ həllərin, müasir texnologiyaların geniş tətbiqi əsas prinsiplərdən birinə çevrilib. Çıxış edən natiqlər ölkəmizdə qadınların əmək hüququ məsələsinə toxunaraq bildiriblər ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi üzrə qadınların əmək hüququnun həyata keçirilməsində təminatlar sistemi müəyyən olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 55-ci, 66-cı, 78-ci, 79-cu, 91-ci, 98-ci maddələri bu və ya digər formada 117-ci maddəsi, 19-cu (125-127-ci maddələr) və 37-ci fəsilləri (240-246-cı maddələr) isə, bütünlüklə qadınların əməyinin tənzimlənməsi məsələlərinə həsr edilib. Bu normalar analığın mühafizəsi, reproduktiv sağlamlığın qorunması, cinsi funksiya, həmçinin valideynlik vəzifələrinin həyata keçirilməsi üçün qadın orqanizminin fizioloji xüsusiyyətlərinin istehsal zərərlərindən müdafiəsi üçün lazım olan əmək güzəştlərini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə görə, analıq mühafizə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir. Qeyd edilib ki, qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən, 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir. Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,6 faizə çatıb.
  Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Ötən illərlə müqayisədə sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 11,8 faizədək artıb.
  Qadınlar üçün belə geniş imkanlar olduğu halda məşğulluqla təmin edilmədə yaşanan problemlərin səbəbələrinə baxılmalıdır. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında ötən ay baş tutmuş Azərbaycan Qadınlaırının VI qurultayında bütün bu məsələlərin işıqlandırıldığını xatırlatdı:
"Azərbaycan Qadınlarının VI Qurultayında “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi” mövzusunda panel müzakirələri də təşkil edildi. Müzakirələr zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, biznesdə qadınların rolunun artması, Agentliyin qadın sahibkarlara dəstəyi barədə məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə qadınların kiçik biznesə, özünüməşğulluğa marağı, eləcə də hüquqi şəxslərin və müəssisələrin təsisçiləri, idarəediciləri sırasında sayı artır. Araşdırmaların və sorğuların təhlili göstərir ki, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çətinliklərdəndir. Qadınların özünüməşğulluğa və biznes fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdir. Qadınlar biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştiraka dəstək, daxili bazar araşdırması və s. dəstək və xidmətlərindən faydalana bilərlər. Vurğulandı ki, KOBİA-nın dəstək mexanizmləri çərçivəsində ötən müddət ərzində 9 qadın sahibkara qrant, 17-nə “Startap” şəhadətnaməsi verilib, təkcə 2023-cü il ərzində keçirilən təlim və məsləhət xidmətlərindən 3500-dən çox qadın faydalanıb. Lakin hesab edirəm ki, qadınların, xüsusən də regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətinə dəstək yetərli deyil. Qadınların məşğulluğunun artırılması üçün səylər göstərilməli, konkret layihələr icra edilməlidir. Sevindiricidir ki, qadınların güc strukturlarında təmsil olunmasında da artım var. Qadınlarımız güc strukturlarında getdikcə daha çox təmsil olunurlar. Son dövrlərdə hüquq-mühafizə orqanlarında, xüsusilə vəkillik, prokurorluq, polis, məhkəmə-hüquq, ədliyyə sahəsində xanımların marağının artması, onların işə qəbul prosesində aktiv iştirak etdiyi müşahidə olunur. Gender bərabərliyinin əhəmiyyətini nəzərə alsaq, qadınların hüquq-mühafizə sahəsindəki təsiri xüsusilə böyük əhəmiyyətə malikdir. Xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb, Qadın Vəkillərin Alyansı yaradılıb".
  M.Zeynalova qeyd etdi ki, Azərbaycan Qadınlarının VI qurultayında qadınlarla bağlı digər məsələlərlə yanaşı məşğulluq probleminə də geniş vaxt ayrılıb. Çünki qadınların məşğulluğu iqtisadi asılılığın aradan qalxmasıdır, hansı ki bu, qadınlara hüquqlarını müdafiə etməkdə əlavə təsir imkanı verir:
"Qurultayda çıxışı zamanı Komitə sədri Bahar Muradova vurğuladı ki, ölkəmizdə qadın hüquqlarının qorunması həm beynəlxalq öhdəliklər, həm də milli qanunlarımızın müəyyən etdiyi qaydalara uyğun aparılır. Ölkədə məşğul əhalinin əksəriyyətini kişilər təşkil edir. Ancaq qadınlar da bir sıra sahələrdə üstün mövqe tuturlar. Məsələn, təhsil və səhiyyə kimi sahələrdə qadınlar aşkar üstünlüyə malikdir. Dövlətin gender bərabərliyini təmin etmək istiqamətində siyasətinin məzmunu isə disbalansı aradan qaldırmaqdır. Qurultayda da vurğulandı ki, sahələr üzrə bərabərsizliyi aradan qaldırmaq üçün bəzi stimullaşdırıcı tədbirlər görmək lazımdır. Ümumilikdə əmək bazarında qadınların yüksək əməkhaqqı ödənilən sahələrdə az iştirakının özü onların orta əməkhaqqının kişilərin orta aylıq əməkhaqqının cəmi 68 faizindən bir az artığını təşkil etdiyini göstərir. Ona görə də bu fərqi minimuma endirmək üçün görülən tədbirlərdən biri məhz qadınların işləməsinin məhdudlaşdırıldığı peşələrdə qadağaların aradan götürülməsidir.
  Artıq bu istiqamətdə qanunvericiliyə edilən dəyişikliklərə uyğun olaraq qadınlar getdikcə daha çox bu sahələrə cəlb olunacaqlar. Bu da onların həm əmək bazarında bərabər təmsilçiliyinə, həm də orta aylıq əməkhaqqı arasındakı fərqin aradan götürülməsinə gətirib çıxaracaq".