Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfərə gəlib.
Almaniya XİN rəhbəri artıq Bakıdadır.
O, səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Səfəri "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turan Rzayev vurğulayıb ki, Azərbaycanın sülhlə bağlı mövqeyi və fikirləri aydındır:
"Biz Fransa kimi ölkələrin prosesə süni müdaxilə edib Azərbaycanı narazı salana qədər Qərb platformalarında keçirilən görüşlərdən razı idik. Onlar özlərini moderator kimi görürlər və tənzimləyici mexanizmin əllərində olduğunu zənn edirlər. Amma bu belə deyil. Azərbaycan qalib ölkədir və onu diplomatik masada məğlub etməyə çalışırlar. Bakı isə bununla razı deyil. Cənab Prezidentin də dediyi kimi regionun problemləri yalnız regional formatlarda həll edilməlidir. Təbii ki, biz birmənalı şəkildə görüşlərdən imtina etmirik. Ancaq indiki məqamda münaqişənin Qarabağ mərhələsi bitib. Qalan isə Ermənistan və Azərbaycan arasındakı məsələdir. Bunun da Avropa və ya Amerikada müzakirəsinə ehtiyac yoxdur".
Analitik əlavə edib ki, Avropa İttifaqının məsələyə yenidən müdaxilə etməsi və sülhün əldən olunması istiqamətində səylər göstərməsi təqdirəlayiq olsa da, bunun Bakı nəzdində nə qədər effektiv olacağını demək çətindir:
"Çünki Azərbaycanın Avropaya olan etimadı zədələnib. Almaniya da Ermənistana tərəf mövqe sərgiləyən ölkələr sırasındadır. Bu mövqe isə qərəzlidir. Nəticə etibarilə Azərbaycan indiki məqamda Gürcüstanda keçiriləcək üçtərəfli görüşdə və ya "3+3" formatında maraqlıdır. Qərbə dair isə müsbət siqnallar yoxdur".
Xatırladaq ki, regiona səfəri çərçivəsində almaniyalı nazir noyabrın 3-də Ermənistana səfər edib və orada bir sıra yüksək səviyyəli görüşlər keçirib.