Azərbaycanın Balkan siyasəti çox uğurludur  - TƏHLİL 

"Bu ölkələrin hamısı ilə normal əlaqələr qurmaq ABŞ, Çin, Rusiya və digər nəhəng dünya dövlətlərinin belə eyni anda bacarmadığı siyasətdir"

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Andrey Plenkoviçin rəsmi səfərini "Sherg.az"a dəyərləndirən politoloq Turab Rzayev söyləyib ki, Azərbaycan dövlətinin strateji marağında olan bölgələrdən biri də Balkan regiondur:

" Burada Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bəri çox uğurlu bir strategiya qurulub. Bu strategiya çərçivəsində Azərbaycan bir-biri ilə sərhəd, dil, mənsəb problemi yaşayan və ərazi iddiaları olan Balkan ölkələrilə çox gözəl münasibətlər qura bilib. Azərbaycan bəlkə də dünyada yeganə dövlətlərdən biridir ki, eyni vaxtda Serbiya, Bosniya, Albaniya, Xorvatiya, Makedoniya və Bolqarıstan ilə dil tapmağı bacarır. Hansısa şəkildə bu münasibətləri normallaşdırmağa çalışır. Buna görə də, Azərbaycanın Balkan strategiyası ilə bağlı xaricdə dərslik vəsaitləri belə çap olunub. Bu ölkələrin hamısı ilə normal əlaqələr qurmaq ABŞ, Çin, Rusiya və digər nəhəng dünya dövlətlərinin belə eyni anda bacarmadığı siyasətdir".

 T. Rzayev eyni zamanda bildirib ki, Azərbaycanın Balkan siyasətində bir neçə əhəmiyyətli məsələ var:

"Birincisi beynəlxalq müstəvidə dəstəkdir. Çünki, bu ölkələrin bir çoxu Qoşulmama Hərəkatının (QH) üzvü idi. Eyni zamanda həmin dövlətlər Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvüdür. Azərbaycan isə Balkan ölkələrindən dəstək gözləyib. Vaxtaşırı olaraq da Albaniya və digər dövlətlər bu dəstəyi veriblər. Digər məsələ isə Azərbaycanın enerji infrastrukturunu genişləndirməkdir. Azərbaycan Avropanı alternativ enerji xətləri və təbii qaz resursları ilə təmin etmək istəyir. Azərbaycan Balkana öz qaz ehtiyatlarını satmağa çalışır. Xorvatiya da Azərbaycan üçün ən maraq kəsb edən ölkələrdən biridir. Eyni zamanda Ruminiyada Azərbaycanın SOCAR şirkətinin yanacaqdoldurma məntəqələri var. Bütün bunlar enerji infrastrukturunda böyük rol oynayır. Avropa İttifaqı daxilində Balkan ölkələri Azərbaycana yaxın münasibət göstəriblər. Həmin ölkələr Avropa İttifaqının Azərbaycan əleyhinə olan qərarlarına qarşı çıxışlar edirlər. Həmçinin, onlarla qarşılıqlı iqtisadi əlaqələri də inkişaf etdirməyə çalışırıq. Bir çox Balkan ölkələrilə ilə qarşılıqlı investisiyalar qoyulur. Həmin ölkələr ilə turizmin inkişafı da bizim üçün önəmlidir. Azərbaycan Balkan dövlətləri fərqli gündəmlərdə ortaq nöqtəyə gələ və qərarlar qəbul edə bilir".