Evin altında şəhər: 2 min illik yaşı var

Türkiyənin Kayseri bölgəsi, Məlikqazi ərazisində, bir zamanlar məşhur Memar Sinanın da evinin olduğu küçədə yaşayan Mustafa Halıcıoğlu təmirinə başladığı evinin altında 200 metr uzunluğunda yeraltı şəhər aşkarlayıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, əraziyə dəvət edilən Ətraf Mühit və Mədəni Dəyərləri Qoruma və Tanıtma Vəqfinin mütəxəssisləri bu tikilinin qədim Kapadokyadakı tikililərlə eyni xüsusiyyətə malik olduğunu bildiriblər. Tikilinin 2 min il yaşı olduğu təxmin edilir. Kayseridə aşkarlanan yeraltı tikilidə Kapadokyada istifadə edilən inşaat mexanizmlərinin izləri görünür. Yeraltı şəhərə "Halıcıoğlu yeraltı şəhəri” adı verilib. Vəqf təmsilçisi professor Osman Özsoy deyib ki, bu yealtı şəhər haqqında 4 il əvvəl məlumata malik idilər. Lakin ərazi konkret şəxsin mülkü olduğu üçün qazıntı apara bilməyiblər. Mülkün sahibi ərazidə təmir işlərinə başladıqda yeraltı şəhəri aşkarlayıb və oranın təmizlənməsinə böyük köməklik göstərib. Professor qeyd edib ki, bura tunellərin və bir-birinə mane olmayan, lakin birindən digərinə sərbəst keçidin mümkün olduğu 2 qatlı bir yerdir. Yeraltı şəhərin uzunluğu 150-200 metrdir. Bura bölgədəki digər tarixi məkanlar qədər qədimdir. Ən azı 2 min illik yaşı olduğunu deyə bilərik. Mülkün sahibi Mustafa Halıcıoğlu isə deyib ki, bura ona atasından miras qalıb: “Atamın ocağı yansın deyə, burada təmirə başladım. Ətrafda tərk edilmiş evlər çox idi. Bir neçəsini satın aldım. Evlərdən çıxan beton parçalarını bir vaxtar yaxınlıqdakı mağaralara doldurublar. Onları təmizlətdirməyi qərara aldım. Təmizlədikcə yaraltı şəhər üzə çıxdı. Vəqfə xəbər verdik, gəlib baxdılar. Məqsədim gələcək nəsillərə bir əsər yadigar qoymaqdır. İnşallah, dövlətimiz dəstək olar, yeraltı şəhər tarixi abidə hesab edilərək qorunar, bərpa edilər”.