USAİD ABŞ-ın dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan, rəngli inqilablar ssenarilərini gerçəkləşdirən mexanizmidir.
2000-ci illərin əvvəllərində Qərb fondlarının Azərbaycanda həyata keçirməyə çalışdığı xaos ssenariləri, onların Azərbaycanı güclənməyə imkan verməmək və ərazi itkisinə məcbur etmək planı hər zaman tətbiq olunub.
Eyni zamanda USAİD Prezident İlham Əliyev siyasətinin Azərbaycan xalqı tərəfindən dəstəklənməsini həzm edə bilmir. USAİD- in rəhbərliyində Samanta Pouer kimi qatı Azərbaycan düşməni təmsil olunur. İndi isə hər yerdən əli kəsildikdən sonra “xidməti müqavilə” adı altında çirkli maliyyələşdirmə siyasəti həyata keçirir.
Qeyd edək ki, ötən əsrin 90-cı illərindən USAID Azərbaycanda da fəaliyyət göstərir. Bu dövrdə dəfələrlə eyni üsullar və taktikalara əl atılsa da, hüquq-mühafizə sistemi bu məkrli senarilərin qarşısını qətiyyətlə alıb.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, USAİD-in rəhbəri Samanta Pauerin Azərbaycana qarşı dəfələrlə qərəzli mövqedən yanaşmasının şahidi olmuşuq:
"Uzun müddətdir ki, həmin şəxs USAİD-ə rəhbərlik edir. O, burada rəngli inqilablar, çevrilişlər, üsyanlar, böhranlar və fəlakətlər axtarışındadır. Əlbəttə, Azərbaycan xalqının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsi onu qane etmir. Bununla qəbullanmırlar və çirkin siyasətlərini Azərbaycana münasibətdə tətbiq edirlər. Bu isə özünü aydın şəkildə göstərməkdədir. Buna görə Vətəndaş cəmiyyəti üzvlərini, İctimai fəal şəxsləri, düşünən beyinləri və Qeyri Hökumət Təşkilatları rəhbərlərini ətrafına toplamağa davam edirlər. Onlara səxavətli qrantlar, maliyyə dəstəyi və ianələr ayırmaqla öz çirkin niyyətlərinə çatmaqda maraqlıdırlar. Uzun illər ərzində bu sahədə "gərgin" işlər görüblər. Hazırkı reallıqda onların planı baş tutmadıqda daha da qəzəblənirlər".
Analitik onu da vurğulayıb ki, USAİD yeni dalğa ilə öz fəaliyyətlərini təşviq etməyə davam edir:
"Müxtəlif metod və metodologiyadan istifadə edirlər. Eyni zamanda siyasi texnologiyaların bütün mənfi təzahürlərini tətbiq etməkdədirlər. Bunun da qarşısı uğurla alınacaq. Dövlətin bu istiqamətdə müvafiq orqanları və şəxsləri də hər zaman öz ayıq-sayıqlığı ilə seçilir. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin edən Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik və ona dəstək çıxmalıyıq. Çünki ölkəmizin qarşısında hazırda yeni çağırışlar dayanır. Ərazilərin minadan təmizlənməsi, yenidənqurma, keçmiş məcburi köçkünlərimiz doğma yurdlarına qayıdışı, ordumuzun gücləndirilməsi, iqtisadiyyatımızın şaxələndirilməsi, neft-qaz layihələrinin uğurlu icrası və xalqımızın rifahının yüksəldilməsi bizi qarşıdakı dönəmdə gözləyən addımlardır. Lakin güclü olmağımızı istəməyən qüvvələr təəssüf ki, öz mənfur niyyətlərindən əl çəkmirlər. Bütün bunlar əbəsdir və heç bir nəticəsini verməyəcək. Çünki Azərbaycan bundan sonra daha güclü, qüdrətli və dayanıqlı təməllər üzərində əzmkar fəaliyyətini davam etdirəcək".