"Azərbaycan İslam dünyası ilə münasibətlərə  xüsusi önəm verib"  - Politoloq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək.


Nazirin Səudiyyə Ərəbistanına səfərini "Sherg.az"a dəyərləndirən politoloq Aytən Qurbanova bildirib ki, Azərbaycan ərəb ölkələri, ümumilikdə isə İslam dünyası ilə münasibətlərə hər zaman xüsusi önəm verib:

" Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi də xarici siyasət prioritetləri arasında mühüm yer tutur. Təşkilata üzv ölkələr hər zaman, xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə keçirilən görüşlər zamanı Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində atılan addımları qətiyyətli şəkildə dəstəkləyərək həmrəylik nümayiş etdiriblər".

 Politoloq onu da söylədi ki, xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməsi ərəb ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün önəmli xarakter daşıyır:

"Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində regional gücə və qlobal sistemin əsas etibarlı aktorlarından birinə çevrilən Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsinin Orta Şərq ölkələri üçün də mühüm əhəmiyyət kəsb etdiyini unutmamaq lazımdır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, görüşlər çərçivəsində həm regional, həm də qlobal müstəvidə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gələcək yol xəritəsinin müəyyənləşdirilməsi məqsədilə hərbi, siyasi, iqtisadi, mədəni və bir çox istiqamətlərdə məsələlərin müzakirə ediləcəyi istisna edilmir".