Arxiv sənədlər və uşaqlıq xatirələri - Bioqrafik əsər TƏQDİMATI

Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmlinin "Məmməd Əmin Rəsulzadə" kitabının təqdimatı olacaq. 

Bu baradə kitabın yazarı öz Feysbuk hesabında məlumat yayıb. 
Qeyd edək ki, təqdimat bu gün saat 17:00-da 'Bakı Ekspo Mərkəzi"ndə "Şuşa" təqdimat zonasında (red. "Altun kitab" nəşriyyatı) keçiriləcək.

Kitab təqdimatı ilə bağlı "Sherg.az" Qulu Məhərrəmlinin özü ilə əlaqə saxlayıb. 

O, bildirib ki, tanınmış Altun kitab nəşriyyatı tarixi yaradanlar silsiləsindən növbəti kitabı təqdim edib:

"Həmin kitab Azərbaycan Cümhuriyyətinin banisi, Azərbaycan milli hərəkatınının ideoloqu Məmməd Əmin Rəsulzadəyə həsr olunub. Nəfis şəkildə buraxılmış kitab irihəcmlidir. Eyni zamanda içərisində real arxiv tarixi sənədlər və xatirələr əsasında Rəsulzadənin uşaqlığından vəfatına qədər olan həyatı, siyasi bioqrafiyası geniş əks olunub. Adətən, bizim oxucu auditoriyası Məmməd Əmin Rəsulzadənin fəaliyyətini Azərbaycan Cümhuriyyətinin qurulması və həmin dövrə qədər bilir. Amma ondan sonra Cümhuriyyətdə apardığı istiqlal davası haqqında biliklər azlıq təşkil edir. Rəsulzadə ilə bağlı çoxlu yazılar yazılıb, araşdırmalar aparılıb. Bu kitabın isə özünəməxsus özəlliyi sırf bioqrafik əsər olmasıdır. Yəni hadisələrin fonunda Məmməd Əmin Rəsulzadənin həyatı, qəbul etdiyi qərarlar, atdığı addımlar, o cümlədən Cümhuriyyətinin qurulması üçün göstərdiyi çabalar, Bakıda və Təbrizdə apardığı inqilabi fəaliyyət və mühacirət həyatı geniş şəkildə əks etdirilib. Kitabın müəllifi mənəm, elmi redaktoru tanınmış tarixçi alim Firdovsiyə Əhmədova, redaktoru isə Elnur Aslanbəylidir".

Qulu Məhərrəmli onu da qeyd edib ki, nəşriyyatla bağlanmış müqavilədən sonra üç il kitab üzərində çalışıb:

"Bir çox sənədlər ilə tanış olub və orjinal materialları nəzərdən keçirib. Eyni zamanda bu dövrü araşdıran alimlər ilə məsləhətlər aparıb. O cümlədən Avropada çap olunan əsərlər ilə yaxından maraqlanıb. Çoxlu sayda materiallar topladıqdan sonra isə kitabı ərsəyə gətirib".

Azərbaycan 20-ci əsr tarixinin çox parlaq səhifəsini təşkil edən, Azərbaycan siyasi təfəkkürünün daşıyıcısı olan Məmməd Əmin Rəsulzadənin həyatı haqqında yazılan bu kitabın oxucuların diqqətini cəlb edəcəyinə əminik.