"Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər-hansı bir baxış ortaya qoymayıb".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən deyib.
Görüşdə qeyd olunub ki, ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilər.
Prezidentin fikirlərinə münasibət bildirən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu "Sherg.az"a söyləyib ki, Ermənistan və Azərbaycan arasında üç ildir ki, sülh əldə olunmayıb. Bunun üçün isə hər iki tərəfin etimad edəcəyi nüfuzlu platformaya ehtiyac var:
"Azərbaycanın lideri İlham Əliyev isə ATƏT-in Prezidenti ilə görüşən zaman bunu dilə gətirib. Doğurdan da bu çox vacib məsələdir. Regionda sülh bütün xalqlar üçün rifah gətirən faktora çevrilə bilər. Eyni zamanda bütövlükdə regionun inteqrasiyası, iqtisadi baxımdan gəlişməsi, hümanitar, mədəni əlaqələrin bərpa olunması baxımından sülhün çox önəmli potensialı var. Bu kontekstdə vaxtilə ermənilərin etnik təmizləmə siyasətinin qurbanlarına çevrilmiş azərbaycanlıların Ermənistana qayıtması da mühüm körpü rolunu oynaya bilər. Təəssüf ki, 1987-1991-ci illərdən Ermənistandan məcburi olaraq qovulmuş azərbaycanlıların onların Konstitusiyasının verdiyi təhlükəsizlik təminatı ilə doğulduqları torpağa qayıtmaq arzusuna Ermənistan heç bir münasibət bildirməyib. Eyni zamanda Ermənistan həmin insanların qayıtması üçün hansısa tədbirlər görməyib. Amma nəzərə almaq lazımdır ki, bu məsələ də Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün vacib faktordur. Ermənistan sülh istəyirsə, bu addımları atmalıdır. Heç bir halda Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına qayıdaraq beynəlxalq hüququn onlara tanıdığı haqlar içərisində Ermənistan konstitusiyanda yaşamaq istəyini Nikol Paşinyan hakimiyyəti ərazi iddiası kimi qələmə verməməlidir. Çünki bu sülhü və beynəlxalq hüququ siyasi baxımdan şantaj etmək deməkdir".