"Razılaşmalara hələ tam əməl olunmadığı müddət ərzində hərbiçilər də orada qalmalıdır"
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsindən sonra Azərbaycan, Ermənistan və Rusiya tərəfindən 9 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin icrası davam edir.
Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Rusiya ilə Müştərək Monitorinq Mərkəzində vəzifələrini davam etdirməsinin Türkiyənin bölgədəki fəal və konstruktiv rolunun və milli maraqlarının tələbi olduğu vurğulanıb:
“16 avqust 2010-cu ildə imzalanmış “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nin müddəalarından irəli gələn öhdəliklərimizi yerinə yetirmək məqsədilə Türkiyənin yüksək maraqlarını səmərəli şəkildə qorumaq və pozuntuların qarşısını almaq, Prezidentin müəyyən edəcəyi prinsiplərə uyğun olaraq bu qüvvələrdən istifadə etməklə risk və təhlükələrin aradan qaldırılması üçün hər cür tədbirlərin görülməsi istiqamətində Türkiyə Böyük Millət Məclisinin 17 noyabr 2020-ci il tarixli və 1272 saylı qərarı və Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 2022-ci il tarixli 1348 saylı qərarı ilə uzadılmış icazənin 17 noyabr 2023-cü il tarixindən bir il müddətinə uzadılması üçün layihə təqdim edilib”, - qeyd olunub.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Rusiya və Türkiyə birgə Monitorinq Mərkəzi hələ də fəaliyyət göstərir:
"Qarabağda separatizm ləğv edilsə də, Rusiya sülhməramlıları orada qalmaqdadır. Onların orada olduğu müddət ərzində Türkiyə hərbçilərinin həmin ərazidə qalması həm Azərbaycanın güclənməsi, həm də Rusiya sülhməramlılarının əsas güc kimi olmaması baxımından vacib hadisədir. Qarabağda separatçılar ləğv edilməmişdən öncə sülhməramlıların nəzarət zonasının mövcud olduğu dövrdə Türkiyə hərbiçilərinin iştirak etdiyi Monitorinq Mərkəzinin fəaliyyəti çox gözə çarpmırdı. Amma onların orada olması Rusiyanın Azərbaycanın maraqlarını təmin etməsi baxımından önəmli idi. Hazırda 10 noyabr razılaşması qüvvədədir. Razılaşmalara hələ tam əməl olunmadığı müddət ərzində hərbiçilər də orada qalmalıdır. Eyni zamanda balansın qorunması cəhətdən də önəmli faktordur. Türkiyə hərbiçiləri orada olduğu müddət ərzində biz əminliklə deyə bilərik ki, Azərbaycan Rusiyanın qarşısında güclü çıxış edir. Rusiya hərbiçiləri bölgədən çıxdıqdan və Monitorinq Mərkəzi ləğv edildikdən sonra da Türkiyə hərbiçiləri orada qala bilər. Bu isə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərdən asılıdır".