Beynəlxalq təşkilatların irad bildirməyə haqları çatmır

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Son 5 ildə Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində müsbət irəliləyişlər əldə edilib

  BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi qrupunun 44-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının 4-cü dövri məruzəsi nəzərdən keçirilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin BMT üzv dövləti tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətlərdə tövsiyələr verilir. Nazir müavini dövri məruzə çərçivəsində çıxış edərək, ölkəmizdə həyata keçirilən işlər, beynəlxalq insan hüquqları mexanizmləri çərçivəsində əməkdaşlıq, “Böyük Qayıdış” dövlət proqramı, Ermənistanın təcavüzü nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, azərbaycanlıların hüquqlarının pozulması faktları, itkin düşmüş şəxslər məsələsi və s. ilə bağlı ətraflı məlumat təqdim edib. Azərbaycan üzrə UDİ baxışı çərçivəsində BMT-nin 120-ə yaxın üzv dövlətinin nümayəndələri çıxış edərək ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair öz tövsiyələrini təqdim ediblər. Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu sahədə müsbət dinamikanın davam etdirilməsi tövsiyə olunub. Çıxışçıların böyük bir qismi ölkəmizdə mülki, iqtisadi və mədəni hüquqların qorunması, dayanıqlı iqtisadi və sosial inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, eləcə də, ictimai xidmətlərin göstərilməsində informasiya texnologiylarından istifadəsini təqdir edib. Azərbaycanın multikulturalizm modelinin, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində önəmli rolu vurğulanıb. Azərbaycanın Qoşulmama Hərəkatına fəal sədrliyi alqışlanıb. İşğaldan azad olunmuş ərazilərimizə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı, bu ərazilərimizdə aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri, dağıdılmış yaşayış məntəqələrinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yenidən qurulması yüksək qiymətləndirilib. Çıxışlarda həmçinin işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizləmə və ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərə diqqət çəkilib. Ölkəmizdə elm və təhsil sahəsində, eləcə də, qadın və uşaqların hüquqlarının təmin edilməsi istiqamətində atılan addımlar alqışlanıb. Azərbaycanın milli məruzəsi, eləcə də, digər aidiyyəti sənədlərlə yaxından tanışlıq məqsədilə məruzə internet resurslara yerləşdirilib. Ümumilikdə, Azərbaycanla yanaşı, bu il 6-17 noyabr tarixlərində 14 ölkənin məruzəsinə baxış keçirilməsi nəzərdə tutulur.
  BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi qrupunun 44-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının 4-cü dövri məruzəsinin nəzərdən keçirilməsiylə bağlı “Sherg.az"la fikirlərini bölüşən D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, bu cür dövri icmallar 5 ildən bir keçirilir:
- Son 5 ildə Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində müsbət irəliləyişlər əldə edilib. Bu məsələdə Ombudsman Aparatının, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə o yox, ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da çox yaxşı işləyirlər. 44 günlük Vətən müharibəsi dövründə biz bunu müşahidə etdik, ondan sonrakı quruculuq dövründə də biz bunu görürük. Beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycana irad bildirməyə haqları çatmır. 30 ilə yaxın Azərbaycan xalqı köçkünlük həyatı yaşadı, erməni separatçıları tərəfindən yurdundan-yuvasından didərgin salınan insanlarımız illərlə əzab-əziyyət içində yaşadı. Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməklə bu insanların da normal yaşamaq hüququnu, mülkiyyət hüquqlarını bərpa etdi. Şərt o deyil ki, azsaylı xalqların hüquqları qorunsun, etnik müxtəliflik təmin edilsin, ölkəmizdə yaşayan, fərqli dini, milli mənsubiyyətə məxsus vətəndaşların hüquqları qorunsun. Ən çox hüquqları pozulan Azərbaycan və azərbaycanlılar olub. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf ərazilərdə hansı vandallıqlar etdiyini bütün dünya görür. Hər dəfə Qarabağa xarici diplomatların, hüquq müdafiəçilərinin, media nümayəndələrinin, ölkəmizə gələn qonaqların səfərləri təşkil olunur. Hamı gedib o ərazilərdə nəyin baş verdiyinə şahid olub. İşğala son qoyulandan sonrakı qısa müddətdə bunları gördülər. Qısa müddət sonra dövlət o ərazilərdə yenidənqurma, bərpa işlərinə başladı, köçürmə prosesinə başlandı, neçə-neçə ailə doğma yurduna qayıdıb artıq. Proses davam edir. Bununla Azərbaycan dövləti öz vətəndaşlarının pozulmuş hüquqlarını bərpa edir. Amma Ermənistan tərəfi də hələ də beynəlxalq hüququ pozmaqdadır. Mina xəritələri hələ də Azərbaycana təhvil verilməyib. 2020-ci ilin noyabrından bu günədək minalardan nə qədər insanımız həkak olub, ağlr xəsarət alanlar var. Minalar hələ də aşkarlanır deyə, bərpa, quruculuq işlərinə də mane olur. Minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə əlaqədar dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də beynəlxalq hüquq normalarına hörmətsizlik edərək bu istiqamətdə heç bir əməli addım atmır. Beynəlxalq təşkilatlar Ermənistana qarşı qətiyyətli mövqe nümayiş etdirməlidir. Ombudsman Səbinə Əliyeva “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair” kompleks beynəlxalq hesabat təqdim etmişdi. Hesabatda bütün bu məsələlər əksini tapırdı. Hesabatda bildirilirdi ki, Ermənistanın uzun illər boyu Azərbaycana qarşı həyata keçirdiyi işğal, terror, etnik təmizləmə və soyqırım siyasəti nəticəsində azərbaycanlıların fundamental hüquq və azadlıqları kobud şəkildə pozulub. 30 ilə yaxın müddət ərzində beynəlxalq təşkilatların işğal faktı ilə bağlı qəbul etdiyi sənədlərdə təsbit olunmuş tələbləri sadəcə kağız üzərində qalıb. Eləcə də, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki obyektlərinin qadağan edilmiş uzaqmənzilli silahlardan istifadə edərək atəşə tutulması nəticəsində vətəndaşlarımızın insan hüquq və azadlıqları kobudcasına pozulub. İşğaldan azad edilmiş ərazilərimizdə hələ də cəsəd qalıqları aşkarlanır. Hələ də Ermənistan tərəfindən əsir və girov saxlanan vətəndaşlarımız var. İtkinlərimiz var ki, onlar haqqında dəqiq məlumatları Ermənistan tərəfi gizlədir, Azərbaycana bldirmir. Bunlar hamısı insan haqlarının pozulmasıdır. Beynəlxalq təşkilatlar buna etiraz etməlidir.
  N.Cəfəroğlu qeyd etdi ki, Ermənistanın törətdiyi müharibə cinayətləri araşdırılmalıdır:
- Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, faktaraşdırıcı missiyanın hesabatları yerli və beynəlxalq ictimaiyyətə təqdim edilir, bəyanatlar və müraciətlər haqqında iştirakçılara məlumat verilir. Beynəlxalq qeyri-hökumət təşkilatları, beynəlxalq hüquq üzrə mütəxəssislər tərəfindən hazırlanan hesabatlarda bu sənədlərə istinad edilir. Bu sənədlərin hamısı Azərbaycanın haqq işinin əyani sübutudur. Ona görə də beynəlxalq təşkilatlar Azərbaycana nədəsə irad bildirə bilməz. İrad bildirilməli olan Ermənistan hökumətidir. Regionda sülhə mane olan, sülh prosesini pozan, bununla da insanların normal yaşayışının təmin edilməsinə əngəl yaradan Ermənistan qınanmalıdır.