Azərbaycan təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb.
Bu barədə İsrailin "Ynet.co.il" saytı məlumat yayıb.
“İran əsilli silahlı şəxs səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakıda məhkəməyə çıxarılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycandakı diplomatik nümayəndəliyin binasında terror aktı törətməyə cəhd edən şəxsin tərksilah edildiyinə dair məlumat yayılıb. Məlumatda diplomatik nümayəndəliyin adı göstərilməyib.
Məlumata görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M. H. Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb. Məhkəmənin qərarı ilə M. H. Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İş materiallarından məlum olub ki, uzun müddət gizli müşahidələr aparmış M. H. Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.
M. H. Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.
Hücumu "Sherg.az"a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran hakimiyyəti İsrail ilə münasibətlərindəki mövcud düşmənliyi Azərbaycan ərazisinə daşımağa çalışır:
"İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin İsrail səfiri Corc Diklə twitter yazışması deməyə əsas verir ki, Tehran hakimiyyəti Azərbaycan ərazilərindən İsrailə qarşı plasdarma kimi istifadə edir. Bu təbii ki, təbliğat məsələsi ilə əlaqəlidir. Hətta, bir sıra məqamlarda Musəvi diplomatik qaydaları tapdalayaraq Azərbaycanın daxili məsələləri ilə bağlı ehtiyac olmayan ifadələr işlədir. Bu İsrail səfirliyi ilə bağlı İranyönümlü qüvvələrin ilk aksiyası deyil. Əvvəllər də İranyönümlü qruplar İsrail səfirliyi qarşısında müxtəlif piketlər və etiraz aksiyaları həyata keçirməyə cəhd göstəriblər. İran əsilli şəxslər tərəfindən belə cəhdin göstərilməsi İran hakimiyyətinin Azərbaycanda İsrailə qarşı yeni mübarizə üsülüdür".
Analitik onu da söyləyib ki, dünyanın müxtəlif ölkələrində Tehran hakimiyyətinin bu istiqamətdə atdığı addımlar olub:
"Məsələn, Argentinada İsrail Səfirliyi və Mədəniyyət Mərkəzinə hücüm olunmuşdu. Orada onlarla insan həyatını itirmişdi. Odur ki, İran hakimiyyəti Azərbaycan ərazisində də bu üsülü sınaqdan keçirməyə çalışır. Bununla Azərbaycan ərazisini İsrail vətəndaşları üçün etibarsız etməyə cəhd göstərir. Digər tərəfdən rəsmi Bakı və İsrail arasında münasibətləri gərginləşdirmək istəyir. Məsələn, Dağıstanda baş verən proseslər İsrail ilə münasibətləri normal və gərgin olan ölkələrdə də bu tip hadisələrin baş verəcəyini deməyə əsas verir. Türkiyə ərazisində də dəfələrlə İsrail səfirliyinə, diplomatlarına və vətəndaşlarına qarşı müxtəlif sui-qəsd cəhdləri olub. Yəni bu hadisə də həmin baş vermiş olayların zənciri kimi görünür. İran hakimiyyəti Azərbaycan və İsrail arasındakı əlaqələri korlamağa çalışır".