Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.
Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır.
Mixail Qorbaçovun başçılıq etdiyi Sovet imperiyasının Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapıb.
Beləliklə, 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı-Azadlıq meydanında (o vaxt Lenin meydanı adlanırdı) Azərbaycan xalqının etiraz mitinqləri başlayıb. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridilib. Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.
Bu, Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib. Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Millət vəkili Fazil Mustafa bildirib ki, 17 noyabr Milli Dirçəliş Günü tariximizin ən önəmli günlərindən biridir:
"Qarabağ savaşının başlandığı dövrlərdə insanların böyük bir etiraz aksiyaları müşahidə olunurdu. Həmin gün tələbə hərəkatında olan insanlardan biri kimi etirazın başlanğıcında iştirak etmişik. Eyni zamanda onun təşkilində rolumuz olub. Əslində bunun möhtəşəm tədbir alınacağını düşünmürdük. Amma bu nəticə etibarilə xalqın öz səsini etiraz formasında qaldırması idi. İndi isə həmin tarixi fəxrlə qeyd edirik. Bu cür hadisələrin milli oyanışımıza təsiri vacib idi. Eyni zamanda bu ziyalılar ilə xalqın, partiya nomenklaturasiya ilə cəmiyyətin ilk dəfə bir araya gəlib Azərbaycanın haqlı davasını qazanmaq üçün çalışdığı bir tarixdir. Ona görə də bunun önəmi çox böyükdür. Bu günə qədər də 17 noyabr təqvimimizdə Milli Dirçəliş Günü kimi qeyd edilir".
Qeyd edək ki, Milli Dirçəliş Günü - 17 noyabr 1992-ci ildə bayram günü elan olunub. Lakin 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən 17 noyabr iş günü sayılır.