Ermənistan META-nın şifrələmə alqoritmini qıra bilməz

Vatsap yazışmalarını izləmək çətindir

Ermənistanın bunu edə biləcək mütəxəssisləri yoxdur

  Ermənistan hökuməti bu yaxınlarda vatsap kommunikasiya vasitəsinə tam çıxış əldə edib. Bu barədə Ermənistanın “Hraparak” qəzeti bildirib. Məlumata görə, bu şəbəkədə edilən bütün telefon danışıqları və mesajları dövlət qurumları üçün əlçatan olub. Bildirilib ki, vatsapa da artıq adi mobil söhbətlər və mesajlar kimi giriş mümkündür. Nəşr bildirib ki, Ermənistan hakimiyyəti ölkədə vətəndaşların danışıqlarının izlənməsinə görə dünyada aparıcı yerlərdən birini tutur.
  Məsələ ilə bağlı “Sherg.az"a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Abbasov qeyd etdi ki, əgər həqiqətən də, Ermənistan hökuməti öz vətəndaşlarının vatsap yazışmalarını, mesajları, telefon danışıqlarını izləyirsə, bu, cinayətdir:
- Hər bir şəxsin fərdi telefonu onun konfedensiallığı və toxunulmazlığıdır. Beynəlxalq mesajlaşma proqramlarına kənar müdaxilə cinayət sayılır. Feysbuk, instagram, vatsap proqramlarının yaradıcısı olan META şirkəti özü bildirir ki, bir şəxsin telefonundan digər şəxsin telefonuna göndərilən mesajlar, datalar serverdən gəlib keçmir. Bu, yalnız 2 şəxs arasında – 2 şəxsin telefonu arasında baş verir. Şəxs özü istəsə, onu kiməsə, 3-cü bir şəxsə göndərə bilər. Yaxud da kimsə icazəsiz və ya icazəli, şəxsin xəbəri olduqda o məlumatı, mesajı başqa bir abonentə göndərə bilər. Hər bir telefonun vatsapı da server kimi qurulur. Hər hansı bir ölkə istəsə ki, yazışmalar ona göstərilsin, göndərilsin, META cavab verir ki, onlar yazışmaları saxlamırlar. META bunu edə bilər, texniki müstəvidə. Lakin gərəksiz yerə məhkəməylə üzləşmək, cinayət məsuliyyətinə cəlb edilməmək üçün etmir, bu cür istəkləri də qəbul etmir. Mən inanmıram ki, Ermənistan hökuməti vətəndaşların vatsap yazışmalarına giriş əldə edə bilsin. Ermənistanın bunu edə biləcək mütəxəssisləri yoxdur. Ermənistan hökumətinin META-ya müdaxilə imkanları da sıfırdır. Ermənistan META-nın şifrələmə alqoritmini qıra bilməz. Bu, mümkünsüzdür. Amma əgər Ermənistan hökuməti vətəndaşlarının mobil telefonlarına müdaxilə edirsə, bu, kibercinayətdir. Hesab edirəm ki, bu cür xəbərləri Ermənıstanın hazırkı hökumətinə müxalif olan qüvvələr yayır. Bu, onların daxili çəkişməsidir. Bir-birilərini qaralayırlar.