"Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı".
Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti noyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını deyib, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirib.
Leo Dokerti vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.
Sözügedən məsələyə münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a söyləyib ki, Britaniyalı nazir Leo Dokertinin Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr zamanı səsləndirdiyi fikirlər iki ölkənin təhlükəsizlik, iqtisadi, energetika sahələrindəki münasibətlərin çoxşaxəliliyindən xəbər verir:
"Böyük Britaniyanın Cənubi Qafqaz üzrə strategiyası Azərbaycanın alternativ enerji mənbələrini inkişaf etdirməsi fonunda yenilənir və London üçün Bakının əhəmiyyəti daha da artır. Çünki Azərbaycanın Avropa bazarlarına çıxardığı enerji resursları Avropa qitəsinin təhlükəsizlik arxitekturasına töhfə verir. Bu, dünyanın qüdrətli dövlətlərindən biri olan Böyük Britaniyanın regional siyasətinin Azərbaycanla əməkdaşlıq formatında tərtib edilməsinə gətirib çıxarır".
A.Kərimov həmçinin vurğulayıb ki,Britaniya başqa bir çağırışla qarşı-qarşıyadır:
"Yəni onun qlobal səhnədəki müttəfiqi ABŞ Azərbaycana qarşı təzyiq metoduna əl atır. Bakı ilə Vaşinqton arasındakı gərginlik London üçün məqbul bir variant deyil. Bu mənada Dokerti həm də Azərbaycanla ABŞ arasında uzlaşmanı təmin etməkdən ötrü regiona gəlib. Digər bir sfera Fransanın regiondakı ambisiyalarını hərbiləşdirmək cəhdləridir ki, bu da Britaniyanın strateji maraqları ilə ziddiyyət təşkil edir. Britaniya ilə Fransa arasında rəqabət olduğunu nəzərə alsaq, deyə bilərik ki, London Parisin Cənubi Qafqazdakı oxları tərpətmək üçün iddialarını sarsıtmaq istəyir. Britaniyanın Fransaya qarşı tutduğu həcm Azərbaycanın yararınadır. Hesab edirəm ki, danışıqlarda Parisin ambisiyalarının zərərsizləşdirilməsi istiqamətində mühüm aspektlər əhatə olunub".