İranda "xala-xətrin qalmasın" marafonu-Şərh

İranın Kiş adasında qadınlardan ibarət iki marafon yarışı keçirilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Yarışda mindən çox insan iştirak edib.
Maraqlıdır ki, qadınlar bu dəfə marafona hicabsız qatılıblar.

Məsələni "Sherg.az"a dəyərləndirən Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili söyləyib ki, İranın Kiş adasında keçirilən iki marafon yarışına qadınlar hicabsız qatılmayıb: 

"Ümumiyyətlə İran adına qatılan qadınların hicabsız olmasına icazə verilməzdi. Qadınlar saçları görünməsin deyə başlarına nəsə atıblar. Keçən il İranda onlarla qadın küçələrdə öldürüldü. Amma qadınların geyim azadlığı, hüquqları ilə bağlı heç bir dəyişiklik qanunda əksini tapmadı. Əksini olaraq qadınlara qarşı qanunlar daha da sərtləşdi. Ancaq bu marafonu təşkil etməkdə məqsəd İranda da qadınların idmana qatıla bilməsini nümayiş etdirməkdir. Yəni bu "xala-xətrin qalmasın" məsələsidir. İran rejimində qadın haqları ilə əlaqədar heç bir irəliləyiş yoxdur. Eyni zamanda hicabla bağlı da dəyişiklik qanunda əksini tapmır. Bu marafonda da sadəcə olaraq hicabın şəkili dəyişib. Orada qadınların saçları tamamilə bağlıdır, təkcə boyunları görünür. Yəni, bu hicabla bağlı dəyişikliyin olması demək deyil. İranda qadınlarla bağlı hüquqlarda ciddi haqsızlıqlar mövcuddur. Qadınların geyim azadlığına görə konstitusiyada dəyişikliklər olmalıdır. Bu isə çox çətin prosesdir. Çünki İran bir dövlət olaraq buna hazır deyil".