ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması imkanlarını müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb.
“Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişinə sadiqliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib. O bildirib ki, uzun müddətdir davam edən münaqişə həm Azərbaycana, həm də Ermənistana əziyyət verib. Ona görə də sülh sazişi regiondakı hər kəsə fayda verəcək”, - Miller bildirib.
Həmçinin, tərəflərin ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə etdiyi qeyd edilib.
Blinken Paşinyanla isə ABŞ-ın sülh müqaviləsinə nail olmaq səylərinə dəstəyini müzakirə edib:
“Dövlət katibi ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib və Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq səylərini vurğulayıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan hərbi- siyasi ekspert Həşim Səhrablı bildirib ki, Amerikanın Cənubi Qafqaz siyasətində müəyyən təzadlar var:
"Bunlar isə bölgə dövlətlərinin maraqlarından qaynaqlanan təzadlardır. Dərindən təhlil aparan zaman görürük ki, ABŞ həqiqətən də Cənubi Qafqazda qısa bir zamanda sülhün bağlanmasından yanadır. Amma Amerika burada tarixi həqiqətləri, dövlətlərin suveren hüquqlarını ikinci plana atır. Amerika sülh istəyirəm deyərkən, Azərbaycanın məruz qaldığı haqsızlıqların aradan qaldırılmasını, bölgədə ədalətin yerini almasını düşünmür. Sülh əldə edildikdən sonra da ABŞ Ermənistanın Qərbə meyillənməsindən istifadə edərək öz maraqlarını reallaşdırmağa çalışacaq. Çünki ABŞ dünyanın bir çox nöqtələrində sabitlikdən istifadə edərək öz siyasi iradəsini həyata keçirib. Bunun qarşılığında isə Rusiya həmişə xaosdan bəhrələnib. Məhz Cənubi Qafqazda da hal-hazırda bu mübarizə davam edir. Ona görə də Amerika Qarabağda kimin dominantlığının təmin olunmasından asılı olmayaraq münaqişənin tez bir zamanda başa çatmasını istəyir. Eyni zamanda çalışır ki, Rusiya oradakı qarışıqlıqdan öz maraqları üçün istifadə edə bilməsin. Sabitlik olduğu təqdirdə Amerika diplomatiyası istənilən halda digər maraqlı tərəflərdən daha üstün olacaq. Bu məsələnin Vaşinqtonda düşünülən tərəfidir".
Ekspert qeyd edib ki, Azərbaycanın xarici siyasətinə nəzər saldıqda Amerika kimi münaqişənin həll olunmasından yana olduğunu görürük:
"Amma bu proses zamanı Azərbaycan tamamilə beynəlxalq hüququ əsas götürür. Azərbaycan həm Qarabağda erməni tərəfinin iddialarının tamamilə məhv edilməsini istəyir, həm də bir əsrdən çoxdur azərbaycanlılara qarşı edilən haqsızlıqların həllini tələb edir. Amerikanın son dövrlər Azərbaycana qarşı müəyyən aqressiv bəyanatlar verməsi də də məhz bununla bağlıdır. Blinkenin yenidən Azərbaycan Prezidentinə söylədiyi fikirlər deməyə əsas verir ki, Amerika öz yanlışlarını başa düşür. Amerika Birləşmiş Ştatları sülhü həqiqətən istəyirsə, Azərbaycanın maraqlarını nəzərə almaq məcburiyyətində olduğunu görməlidir və görəcək. Çünki Azərbaycan olmadan Amerika Cənubi Qafqazda öz maraqlarını təmin edə bilməz. Amerika tarixən Rusiya və İran sərhədlərini əhatəyə almaq üçün Azərbaycanı özünün müttəfiqinə çevirməyə çalışıb. ABŞ-nin bütün bu maraqları göstərir ki, Vaşinqtonun antiazərbaycan siyasəti bir nöqtədə dayanmaq məcburiyyətindədir. Amerika bölgədə ən zəif halqanın Ermənistan olduğunu yaxşı dərk edir. Yəni başqa ölkələrin təsir dairəsinə düşə biləcək yeganə ölkə Ermənistandır. Cənubi Qafqaza ayaq açmaq istəyən Amerika Ermənistanı bu yolda bir vasitə kimi görür. Beləliklə Ermənistan vasitəsilə Cənubi Qafqazda Qərb nüfuzunu formalaşdırmağa çalışırlar. Amma Rusiya timsalında ermənilərin güvənilir müttəfiq olmadığını görürük".