Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir

Azərbaycançılıq ideyasının təbliği

Sözü Vətənlə başlayır, Vətənlə də bitir

“Şairin yaradıcılığında azərbaycançılıq motivləri həmişə öndə gəlir”

  Görkəmli şairimiz, hər misrası, hər sətrində Azərbaycan ruhunu yaşadan Məmməd Arazın vəfatından 19 il ötür. Geridə qoyduğumuz Məmməd Arazsız günlərimizin heç biri, hətta heç bir saatı da Məmməd Arazsız keçməyib. “Səndən qeyri biz hər şeyi bölə billik. Səndən qeyri biz hamımız ölə billik”, andı içilirsə, “Nə yatmısan, qoca vulkan, səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm!” çağırışı edilirsə, bu and da, bu çağırış da hər birimizə aiddir. Hər gün bu çağırışın səsinə oyanmalıyıq, oyanırıq da əslində. Bəzən düşünürəm ki, nə yaxşı hər səhərimiz dövlət himnimizlə açılır. Bizə üzərimizə düşən vəzifəni xatırladır. Məmməd Araz poeziyası da belədir. Nə zaman yada düşsə, nə zaman vərəqləsək, Vətən – Azərbaycan qarşısında borcumuzun nə olduğu yaddaşımızda təzələnəcək, bilməyənlərsə öyrənəcək. Bu mənada həm də Məmməd Arazın kitabları olmalıdır daim masamızın üzərində. Məmməd Araz özünü tanıyan, kimliyini, haradan gəlib hara getdiyini bilən şəxsiyyət idi. Ona sadəcə, şair, xalq şairi, görkəmli sənətkar adları çox kiçik görünür. Məmməd Araz Azəbaycan boyda dahidir. Çünki hər misrasında Azərbaycan var, bu da onu əbədiyaşar edir:
Bu torpaq üstündə ömürlük varam,
Əzilsəm, torpağa dağılasıyam.
Nə vaxtsa dikəlib bulud yararam,
Nə vaxtsa göyərib dağ olasıyam...
  Azərbaycanın Xalq şairi, "İstiqlal" ordenli Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib.
  1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə 1995-ci ildə Azərbaycan Respublikasının İstiqlal ordeni ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub, həmçinin şairin şərəfinə "Məmməd Araz" mükafatı da təsis edilib. Xalq şairi 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
  Məmməd Arazı bütün Azərbaycana sevdirənsə, onun Azərbaycan eşqiylə, Vətən üçün, onun istiqlalı, azadlığı üçün yanar bir ürəyə sahib olması idi. Nə Azərbaycanı Məmməd Arazsız, nə də Məmməd Arazı Azərbaycansız təsəvvür etmək mümkün deyil. Adındakı Araz təxəllüsü də şairin xalqımızın Araz boyda dərdini qəlbində daim yaşatmasının təcəssümüdür:
Biz keçirik Arazı,
Bu oyun deyil ancaq.
Bu gediş bəzimizin
Son gedişi olacaq...
Vətən yaşasın, Vətən!
Mən ölərəm də, qardaş!
Bir-iki tel düşməklə
Yerindən qopmaz ki, baş.
Vətən əmr etsə, Araz
Zəhər olsa içərik.
Lap Böyük Səhranı da
Biz piyada keçərik...
Gülləmiz də qurtarsa,
Başımız güllə kimi
Toplara qoyulacaq,
Fəqət gələcək bizim,
Zəfər bizim olacaq.
  Şairin bu misralarında Azərbaycanın bütövləşəcəyinə qəti inam var. Güney ayrılığı bir çox şairlərimizin yaradıcılılğında ana xətt təşkil edir. Məmməd Arazsa Vətənimizin güneyini öz adında daşıyan və ona qəlbindən süzülən nəğmələrlə əbədi dastanlar yaradan şair idi. Azərbaycançılıq ideyası deyildikdə, ilk yada düşənlərdən biri də məhz Məmməd Araz olur. Məmməd Araz daim ehtiramla xatırlanmağı haqq edən şairimizdir.
  Sevindirici həm də budur ki, Məmməd Araz daim dövlət qayğısıyla əhatə olunmuşdu. Ümummilli Lider Heydər Əliyev Məmməd Araz şəxsiyyətinə dərin ehtiram bəsləyirdi və şeirlərini də çox bəyənirdi. Məmməd Arazın sözlərinə bəstələnmiş “Dünya sənin, dünya mənim” mahnısını Ulu Öndər çox sevirdi. Xüsusilə xoşdur ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli şairimiz Məmməd Arazın 80 və 90 illik yubileylərinin keçirilməsiylə bağlı sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tapşırıqların icrası istiqamətində də bu illər ərzində çox işlər görülüb, konfranslar təşkil edilib, Məmməd Araz poeziyası haqlı dəyərini, qiymətini alıb. AMEA-nın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Xalq şairi Məmməd Arazın 90 illik yubileyi ilə bağlı “Milli təfəkkür və tarixi yaddaş şairi Məmməd Araz” mövzusunda təşkil olunmuş elmi konfrans da buna misaldır. Konfransda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Məmməd Araz milli müstəqillik uğrunda aparılan mübarizənin önündə gedən, əsərləri ilə ölkəmizdə istiqlal hərəkatına böyük dəstək verən qüdrətli Azərbaycan şairidir. Şairin poeziyası, eyni zamanda ölkəmizdə ötən əsrin 50-60-cı illərində, ideologiyanın öndə olduğu bir dövrdə xalqa, vətəninə, milli ideallara, ölkənin inkişafına, milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə həsr olunmuş bir ədəbiyyat kimi də Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşamaq haqqı qazanıb”. Akademik diqqətə çatdırıb ki, yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin bir çox şeirləri bu gün də öz aktuallığını qoruyub saxlayır, dillər əzbəridir. Məmməd Araz yaradıcılığı milli təfəkkür, milli yaddaş, Vətənə, torpağa bağlılıqla yoğrulub. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır.
  Filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Ramiz Qasımov Məmməd Araz poeziyasını “Azərbaycan ünvanlı poeziya” adlandırıb:
- Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Məmməd Arazın yaradıcılığında vətən sevgisi, vətənpərvərlik, ümumiyyətlə, azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də bitir. “Ürəyimsiz kəlmə yazan deyiləm”, - deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır. Akademik Kamal Abdullanın dediyi kimi: “Məmməd Arazın sevgisinin kökündə yalnız və yalnız vətən dayanır”. “Ana yurdum, hər daşına üz qoyum, Hər dərəndə çaldığım saz yaşayır”- deyən ədib üçün ana yurdu bir səcdəgah, insanı kainatın sirri-sehri, incisi olaraq əbədiyyətə qovuşduran məbədgah, məzargahdır. Xalq şairi Məmməd Araz həm də o sənətkardır ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, - deyə vətəndaşlıq konsepsiyasını irəli sürüb. Buna görə də:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim,
- deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir. “Mənim yurdum hardan başlar? - ürəyimin kandarından...” - deyən şairin yaradıcılığında Azərbaycan bütün mənəvi böyüklüyü, qüdrətilə əks olunur. Məmməd Araz yaradıcılığı və bədii düşüncəsində Azərbaycan bir Dünyadır, Kainatdır.
Azərbaycan!... Qayalarda bitən bir çiçək...
Azərbaycan, çiçəklərin içində qaya...
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Bu misraların müəllifi əlbəttə ki, xalqın qəlbində əbədi yaşamağı haqq edir.