Azərbaycan iqlim dəyişikliyi ilə bağlı təşəbbüslə çıxış edir

Ekologiya və ətraf mühitin mühafizəsi

İqlim dəyişikliklərinə həssaslıq indeksi artıb

Su ehtiyatlarının qorunması müasir dövrün tələbidir

Ona görə də biz təbiətimizin mühafizəsinə səy göstərməliyik

  Dünya təbiəti qorumağa, bəşəriyyəti gözləyən ekofəlakətlərin önünü almağa çalışır. Amma dünya özü də etiraf edir ki, ekosistemin hazırkı bərbad hala düşməsində böyük dövlətlərin böyük də günahı var. Təbii sərvətlərin acgözlüklə talan edilməsi, atmosferə buraxılan zəhərli qazlar, suların sənaye tullantıları ilə çirkləndirilməsi, dənizlərdə, çaylarda faunaya hücumlar, meşələrin qırılması... bunlar hamısı qlobal iqlim dəyişikliyinə səbəb olub və Yer kürəsinin təbii mənzərəsini mənfiyə doğru dəyişib. İndi isə dövlətlər toplaşıb çıxış yolu axtarırlar. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransı bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində keçirilir. Noyabrın 30-da konfransın açılışı olub. Konfrans dekabrın 12-dək davam edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyətimiz konfransda iştirak edir.
  Azərbaycan ilk dəfə olaraq COP28 sərgisində pavilyonla təmsil olunur. COP28 çərçivəsində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə yaradılmış milli pavilyon “İqlim davamlılığı üçün davamlı həllər” mövzusunu əhatə edir. İnteraktiv pavilyonda Azərbaycanın iqlim dəyişikliyi siyasəti, Azərbaycan hökumətinin istixana qazlarının tullantılarının azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər və bu sahədə həyata keçirilən digər layihələr haqqında məlumat verilir. Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub. İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir. Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpa olunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərir. İnteraktiv formatdakı “Azərbaycanın Ətraf Mühit Xəritəsi” Milli Parklar, İqlim növləri, Bərpa olunan enerji, Su ehtiyatları və Yaşıl konsepsiyanı əks etdirir. Hər mövzu mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsini təqdim edir. Pavilyondakı instalyasiyada Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunub. Burada “Qırmızı kitab”a düşmüş və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər haqqında məlumatlar, QHT və dövlət qurumları tərəfindən həyata keçirilən ekoloji layihələr, ölkəmizdəki mina problemi və ekoloji nəticələri barədə məlumat verilir. Pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunur. Pavilyonun hər bir ziyarətçisi də planşet vasitəsilə rəqəmsal olaraq ərizə təqdim edərək ağacəkmə (şam və ya zeytun ağacı) təşəbbüsünə qoşula və bununla Qarabağın ekoloji balansının bərpasına dəstək ola bilər. Bu ağaclar Qarabağ bölgəsində - Füzuli şəhərində əkiləcək.
  Konfransda iştirak edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azəerbaycan üzrə milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva KİV-ə açıqlamasında qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində dünya iqlim fəaliyyəti sammiti öz işinə başlayıb. Bu sammitə 117 ölkənin dövlət və hökumət başçıları qoşulub. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sammitdə iştirak edir: "Qeyd etmək istərdim ki, İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında - COP28 Azərbaycan öz pavliyonu ilə təmsil olunur. Bildiyiniz kimi, Azərbaycanın emissiyalarda payı 0,15 faiz təşkil edir. Buna baxmayaraq, beynəlxalq səylərə dəstək olaraq Azərbaycan konvensiyanın katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib. Belə ki, ölkəmiz 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılması barədə öhdəlik götürüb. Eyni zamanda işğaldan azad edilən ərazilər karbon neytrallığı zonası elan olunub". U.Tağıyeva qeyd edib ki, iqlim dəyişmələrinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var: “Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Tək bu il ərzində 2 milyon müxtəlif cinsli ağaclar əkilib. İlin sonuna qədər bu rəqəmin 3 milyona çatdırılması planlaşdırılır. Bu, gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasına böyük töhfə olacaq. Ölkəmiz iqlim dəyişikliklərinə həssas olan ölkələrdən biridir. Son illərin statistik məlumatları onu göstərir ki, ölkəmizin iqlim dəyişikliklərinə həssaslıq indeksi artır. Lakin bu, tək ölkəmiz üçün səciyyəvi deyil. Bütün dünyada təbii fəlakətlər artmaqdadır. Ölkələrin qarşısında duran digər əhəmiyyətli vəzifə erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 2027-ci ilə qədər "Erkən xəbərdarlıq hər kəs üçün" təşəbbüsü irəli sürülüb. Bu sahədə də Azərbaycan dövlət investisiyaları çərçivəsində əhəmiyyətli işlər görür. Hidrometeoroloji müşahidə şəbəkəsi ən yeni müşahidə sistemləri ilə təchiz olunur. Erkən xəbərdarlıq sisteminin regional xarakter alması Azərbaycanın məqsədlərindən biridir".
  Dekabrın 12-dək davam edəcək tədbirdə iqlim dəyişikliyinin nəticələri və istixana qazlarının tullantılarının azaldılması tədbirləri müzakirə olunacaq. Əsas mövzu Paris sazişinin məqsədinə - planetdə qlobal temperaturun 2 °C-dən yuxarı qalxmasının qarşısının alınmasına nail olunmasının ilkin qiymətləndirilməsi olacaq. Qeyd edək ki, bu konfrans 1995-ci ildən bəri hər il keçirilir. Bu tədbirin əsas məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq, bu konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə atmosferə istixana qazları emissiyalarının məhdudlaşdırılmasına dair hüquqi öhdəlikləri özündə əks etdirən Kioto Protokolu müzakirə olunur. 2011-2015-ci illərdə keçirilən sessiyalarda 2015-ci ildə iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm beynəlxalq sənəd hesab edilən Paris sazişi müzakirə edilərək qəbul edilib. Bu günə qədər 195 ölkə bu sazişə qoşulub. 2021-ci ildə Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP26) 26-cı sessiyası zamanı Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 40 faiz azaltmağa razılaşıb və iqlim dəyişikliyi ilə bağlı təşəbbüslə çıxış edib.
  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının əhəmiyyətini vurğulayan ekoloq, “Sağlan Həyata doğru” İctimai Birliyinin üzvü Rövşən Abbasov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, beynəlxalq tədbirlərin keçirilməsi qlobal iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində mühüm işlərin görülməsi üçün imkanlar yarada bilər:
- Biz bu günlərdə Milli Ekosistem Qiymətləndirmələri layihəsini başa vurmuşuq. Böyük bir iş ortaya qoyulub. Elə bir iş ki, uzun illər ərzində həm siyasətçilər, həm alimlər, həm də tələbələr üçün etibarlı bir mənbə olacaq. Ölkəmiz üçün xeyirli olsun. Bunu vurğulamaq istəyirəm ki, ekosistem qiymətləndirmələri çox vacibdir. Ətraf mühitin mühafizəsi, atmosferə atılan zəhərli qazlar, flora və faunanın qiymətləndirilməsi, su ehtiyatlarının qorunması və düzgün istifadə, bunlar hamısı müasir dövrün başlıca problemləridir. Ona görə də biz təbiətimizin mühafizəsinə səy göstərməliyik. Beynəlxalq tədbirlər Azərbaycan təbiətinə 30 il müddətində Ermənistan tərəfindən vurulmuş ziyanların dünyaya çatdırılması baxımından çox önəmlidir. Bildiyim qədər 28-ci Tərəflər Konfransında Azərbaycan pavilyonla təmsil olunur. Əminəm ki, orada Qarabağın təbiəti, işğal illərində təbiətə vurulan ziyanlar, mina terroru və hazırda orada görülən işlər, təbiətin bərpası üçün atılan addımlar haqqında geniş məlumat verilir. Bu, çox vacibdir. Biz də dünyanın bir parçasıyıq və qlobal iqlim dəyişikliklərinin qarşısının alınmasına öz töhfəmizi verməliyik. Ölkəmiz, dövlətimiz bu istiqamətdə mühüm addımlar atır. İşğaldan azad edilmiş Qarabağda “yaşıl enerji” layihələrinə üstünlük verilməsi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası, meşələrin, bitki örtüyünün bərpası təbiətimizin yenidən dirçəlməsinə kömək edəcək.