Fərdi avtomobillərə məhdudiyyətlər qoyulacaq - YENİ PLAN 

Yaxın zamanlarda Bakı tamam dəyişəcək
Əsas məqsəd əhalinin 70 faizini ictimai nəqliyyata yönəltməkdir

Paytaxtda fərdi nəqliyyat vasitələrinin hərəkətinə yaxın zamanda məhdudiyyət yarana bilər. Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirıliyi Boston Consulting Group-la məsləhətləşmələr aparır. İdarəçilik sahəsində məsləhətlər verməkdə məşhurlaşmış bu şirkətlə ictimai nəqliyyatın çəkisinin necə artırılması yönündə danışıqlar aparılır. Deyilənə görə adıçəkilən şirkətlə birgə layihə işlənəcək. Hazırda fəaliyyətdə olan və əhalinin ən çox istifadə etdiyi “Bolt”, “Uber”, “Yango” taksi xidmətlərinin bütün dataları şirkətə verilib. 

Taksilərə ən çox günün hansı saatlarında ehtiyac yaranır, sifarişlər daha çox hansı saatlarda alınır, hansı istiqamətlərə daha çox hərəkət edilir və sair məlumatlar toplanaraq araşdırılır. İlkin araşdırmalarda məlum olub ki, paytaxt əhalisinin 40 faizi şəxsi avtomobillərdən istifadə edir, 12 faiz isə taksi xidmətindən. Bu isə ümumilikdə 52 faiz edir ki, bu da dünya praktikasında qəbul olunmayan göstəricidir. İnkişaf etmiş ölkələrdə bu faiz göstəricisi 20-30 aralığındadır. Yəni, həmin şəhərlərdə əhalinin 70 faizi ictimai nəqliyyatdan istifadə edir, bizdə isə cəmi 58 faiz. RYTN isə bu göstəricini yaxın gələcəkdə azaltmaq niyyətindədir. Hansı vasitəylə? Hazırkı duruma baxsaq, bu, o qədər də asan olmayacaq. Əlbəttə, radikal və məqsədyönlü addımlar atılmazsa.  Paytaxtın ictimai nəqliyyat problemi indiyədək saysız-hesabsız dəfələr müzakirəyə çıxarılıb, gözə görünən real bir nəticə hələ ki yoxdur. Sərnişin avtobusları tıxaclarda vaxt itirməkdə, səhər işə tələsən, axşamsa evinə getmək istəyən insanlar da taksi sifariş etməkdədir. Şəxsi avtomobilləri ilə yola çıxanların böyük çoxluğunu görmək üçünsə körpülərə, avtomobil yollarına “quş baxışı” nəzər yetirmək kifayətdir. RYTN bu problemin öhdəsindən necə gələcək? 

 Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, əsas məqsəd şəhərdə mobilliyi artırmaq, xidmətlərin, insanların sərbəst hərəkətini təmin etmək olmalıdır: 

- Şəhərin mobilliyi dedikdə isə hər kəs üçün mobillik, əlçatanlıq nəzərdə tutulur. Fiziki qüsurlu insanlar üçün də, digər, sıravi vətəndaşlar üçün də, xidmət sahələri üçün də. Hər kəsin rahat, sərbəst hərəkətinin təmin edilməsi əsasdır və bu zaman prioritet kimi ictimai nəqliyyata üstünlük verilir. Yaxın gələcəkdə görünür ki ictimai nəqliyyatın əlçatanlığının təmin edilməsi, ictimai nəqliyyatın şaxələndirilməsi həyata keçiriləcək. Təbii ki bu zaman da fərdi nəqliyyat vasitələrindən istifadə azalacaq. Bunu illərdir deyirik ki, ictimai nəqliyyat əlçatan və rahat olsa, insanlar fərdi avtomobil vasitələrindən könüllü imtina edəcəklər. Kim istəməz sərnişin avtobusu ilə rahat gedib-gəlsin, fərdi avtomobillə yollarda əsəb, gərginlik yaşamasın?!. Əlbəttə, hər kəs istəyər. Şəhər infrastrukturu, ictimai nəqliyyatın inkişaf etdiyi şəhərlərdə belədir. İnsanlar yalnız zərurət yarandıqda, harada uzaq məsafələrə səyahət etdikdə şəxsi avtomobillərdən istifadə edirlər. Bizdə isə son illərdə az qala 2 nəfərdən biri səhər tezdən həyət qapısından, qarajdan avtomobilini çıxarır, şəxsi maşınıyla işə gedir. Çünki avtobusa minsə, işə gecikə bilər. Hərçənd, son zamanlar şəxsi avtomobillər də avtobuslar kimi tıxaclarda qalır. Amma nə fərqi, şəsi maşınla tıxacdasan, ya da avtobusla. Ona görə də şəxsi avtomobil daha rahat görünür. Heç olmasa, avtobus salonunda basabasa düşmürlər. 

E.Cəfərov qeyd etdi ki, ictimai nəqliyyatın ümumi çəkisini artırmaq üçün avtobus marşrutlarının, eləcə də sərnişin avtobuslarının sayının artırılmasına ehtiyac var: 

- Bu işlər planlı şəkildə aparılmalıdır. Hansı ərazilərdə ki avtobus marşrutları azdır, o ərazilərə marşrut xətləri ayrılmalıdır. Avtobuslar isə günün pik saatlarında xəttə artıq sayda buraxılmalıdır ki, basabas olmasın, insanlar rahat bir şəkildə işə gedib-gələ bilsinlər. Daha bir vacib məqam avtobus zolaqlarının çəkilməsi və onlara ciddi nəzarətdir. Şəhər nəqliyyatını çoxnövlü etmək də vacibdir.