“Zəlzələyə onsuz da gücümüz çatmır” - Professor həssas insanlara məsləhət verdi 

Zəlzələyə daha çox hissiyyatlı olanlar var. Bu gün baş vermiş zəlzələylə bağlı bəziləri “mən heç hiss etmədim”, deyirsə, bəziləri əksinə, “mən aşkar hiss etdim, duydum, ürəyim çırpındı”, söyləyir. Bu hissiyyat ürək-dmar xəstəlikləri olanlar, hipertoniklərdə daha güclüdür, yoxsa bunun xəstəliklərlə bir əlaqəsi yoxdur və insanın həmin anda olduğu yerdən, həmin yerin nə dərəcədə silkələnməyə məruz qalmasından asılıdır?  

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında məsələni izah etdi:  

-Zəlzələ yerin təkində, dərinliyində süxur yerdəyişmələrindən ibarət təbiət hadisəsidir. Yerin müəyyən hissəsində xətt üzrə bir sınıq var, süxurlarda, hansı ki qranit süxurlardır, orada daim sürüşmələr olur. Bu sürüşmələr də zəlzələ şəklində özünü göstərir. Dalğanın gücündən  asılı olaraq zəlzələ hətta relyefi də dəyişdirə bilir. Bunu qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı da gördük. Zəlzələ əlbəttə,  yerdəki canlılara təsirini göstərir. Xüsusən də itlər, pişiklər, ilanlar, fillər daha həssasdırlar. Zəlzələyə bir neçə saat qalmış titrəyiş olacağını duyurlar. Az sonra da yerin alt qatlarında titrəyişlər başlayır. Amma insanda belə bir hissetmə qabiliyyəti yoxdur. Ola bilər, xüsusi həssas insanlarda orqanizmdə bəzi dəyişikliklər baş versin.  Amma bu heyvanlardakı qədər güclü hissyyat deyil. Sadəcə, bilirsiniz, insan zəlzələnin dəhşətli bir hadisə olduğunu bilir, baş vermiş zəlzələlər zamanı o dağıntıları görmüşük, hansılar ki həm insan tələfatıyla, həm də dəhşətli dağıntılara səbəb olub, ona görə insanlar zəlzələyə və zəlzələ xəbərlərinə də çox həssas yanaşır, qorxu, təlaş, həyəcan keçirirlər. Qorxu faktoru insan beynində qalır həmişə. Bakı və Abşeron yarımadası seysmik zonadadır. Burada zəlzələlər gözləniləndir. Bəxtimiz gətirib ki, Bakı və Abşeron yarımadasının geoloji quruluşunda əhəng qatı üstünlük təşkil edir, ona görə də burada güclü dağıntılar olması ehtimalı azdır. 
Professor həssas insanlara məsləhət verdi: 

- Bu cür insanlar yaxşı olar ki, sakitləşdirici qəbul etsinlər. Valerian turşusu, digər təbii, sakitləşdirici bitki mənşəli preparatlardan istifadə etsinlər. Başqa şeyə onsuz da gücümüz çatmır. Zəlzələnin qarşısını ala bilmərik. Profilaktik tədbirlər də burada gücsüzdür. İstənilən halda sakitliyi gözləmək, səbirli olmaq lazımdır. Stress içində qaldıqda, həyəcanla hansısa xəbəri gözlədikdə daha ciddi sinir dəyişiklikləri yaşanır, bu da orqanizmə ziyan verir. Qan təzyiqi də qalxa bilər, qanda şəkərin miqdarı da düşə bilər, ürək döyüntüləri artar. İnsanlar bacardıqca sakitləşməli və təmkinli olmalıdırlar.