Şahzadə məhkəməni uduzdu: 50 min sterlinq ödəyəcək

 Böyük Britaniya şahzadəsi Harri “The Mail on Sunday” qəzetinə qarşı məhkəmə iddiasını uduzub. Məhkəmə şahzadənin 50 min sterlinq təzminat ödəyəcəyinə qərar verib. “Sherg.az” “TNV.com.tr”yə istinadən xəbər verir ki, şahzadə Harri “Daily Mail” yayımçısına qarşı qaldırdığı iddiada haqsız elan edilib. Məhkəmənin qərarı yayımçıdan yana olub və şahzadənin 50 min sterlinq məbləğində təzminat ödəməli olmasına dair hökm verib. Məhkəmə Londonda gerçəkləşib. Şahzadənin “Daily Mail” və “Mail” yayımçısı “Associated Newspapers Ltd (ANL)” şirkətinə qarşı iddiası 2022-ci ildə yayımlanmış məqalədə mühafizə məsələlərinə aid iftiraya yol verilməsiylə bağlı idi. 39 yaşlı şahzadə krallıqdakı vəzifəsindən imtina etdikdən sonra Böyük Britaniya Daxili İşlər Nazirliyi ilə aralarında ingilis vergi sistemi tərəfindən maliyyələşdirilən polis mühafizəsinin sayının azaldılması ilə bağlı anlaşılmazlıq yaranıb. Deyilənə görə, şahzadə polis mühafizəsinin sayının azaldılmasına qarşı çıxıb, hətta onların əmək haqqını özü ödəyəcəyini deyib. Adıçəkilən qəzetdə yayımlanan məqalədə isə şahzadə ilə nazirlik arasında yaranmış anlaşılmazlıqdan istifadə etməyə çalışdığı qeyd edilib. Bu səbəbdən də şahzadə qəzeti məhkəməyə verib. Məhkəmə isə qəzetin öz məqaləsində şahzadənin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsinə istinad etdiyini əsas gətirərək iddianı əsassız hesab edib. Və şahzadənin yayımçıya təzminat ödəməli olduğuna dair qərar verib.