Nepalda “Tanrı” uşaqlarına işgəncə verilir

Ayaqları yerə dəyməməlidir

Buna adət-ənənə deyirlər, amma uşaq istismarıdır!

  Nepalda əsrlərdən bəri davam etdirilən qəribə ənənə müasir dünyada ağlagəlməz, eyni zamanda uşaq hüquqlarının pozulması, uşaq istismarı kimi qəbul edilsə də, Nepal hökuməti bu adəti ləğv etmək niyyətində deyil. Bu adətin kökündə nepallıların həddi-buluğa çatmamış qızlar arasından seçilən birisinə “Kumari tanrısı” olaraq sitayiş edilməsi dayanır. Qızlar arasından seçilən birisi müxtəlif ayinlərlə “Güc tanrısı”na çevrilir. Adətin ən zorlu, çətin tərəfi isə “Tanrı” seçilən qızcığazın “Tanrı” olduğu müddətcə ayaqlarının yerə dəyməməsidir. Ətrafdakı hər kəs, valideynləri də o cümlədən, qızın ayaqlarının yerə dəyməməsinə diqqət etməli, onu daim qucaqlarında gəzdirməli, yerə qoymamalıdırlar. Uşaqların belə bir işgəncəyə məruz qalmaları isə əsl hüquq pozuntusu, insan – uşaq istismarı olsa da, nepallılar üçün əsrlərdən qalma adət-ənənələrinin davamıdır. Nepalda “Kumari” kəlməsinin anlamı “şahzadə”dir, bu söz Sanskrit dilindəki “kaumarya” kəlməsindən götürülüb. Bütpərəst olan nepallılar Katmandu vadisinin Tanrısı Talejunun ruhunun kiçik qız uşaqlarının bədənində yaşadığına, qız uşaqlarının bədəninə “transfer” etdiyinə inanırlar. “Tanrı Kumari” adlandırılan bu uşaqlar Nevari nəslindən olan 2-6 yaşlı qızlar arasından seçilir. Bu uşaqların dişlərinin düşməməsi də əsas tələblərdən biridir. “Tanrı” olmaq üçün qız uşaqlarının gözəllik şərtlərinə də uyğun gəlmələri lazımdır. Şərtlərin sayı 32-dir. Uşağın boynu uzun, dərisi şəffaf və yumşaq, səsi ürəyəyatımlı, gözləri qara olmalıdır. Əsas tələb isə qız uşaqlarının həddi-buluq yaşına çatmamış olmalarıdır. Çünki “Tanrı” seçilmiş, lakin həddi-buluq yaşına çatmış qız artıq “Tanrı”lıqdan çıxır və onun yerinə bir başqası seçilir. Yeni seçilən “Tanrı” əvvəlkinin qaldığı otaqda, onun oyuncaqları ilə bir yerdə qalır. Uşaq gərək o oyuncaqlardan seçsin. Sonrası lap dəhşətlidir. “Tanrı”lığa namizəd uşağı inək, donuz, toyuq, öküzün kəsilmiş başı qoyulmuş otağa salırlar. Uşaq bu qorxunc otaqda bir gecə keçirməlidir. Əgər bacarsa, Nepalın “Tanrısı” elan edilir. Sonra bu “Tanrı” uşaq onun üçün ayrılmış evdə yaşayır və sadəcə 13 dəfə oradan çıxa bilir – dini bayram günlərində. Bu uşaq gün ərzində yalnız bir dəfə pəncərədən bayıra baxa bilər. Uşaq ailəsiylə çox az görüşür, məktəbə də getmir. Bu uşağa “Atəş gözü” makiyajı edilir, bayram günlərində qucaqlarda daşınır, başlar üzərinə qaldırılır ki, ayaqları yerə dəyməsin. Həddi-buluğ yaşına çatdıqda isə qızcığazın məsumluğunu itirdiyi hesab edilir və o, “Tanrı”lıqdan çıxır və adi həyatına davam etməli olur. Bugünədək heç bir şey öyrənməmiş qız uşaqlarının həyatı çox çətin keçir. Onlar nə edəcəklərini, necə yaşayacaqlarını bilmirlər. Onlarla evlənmək istəyənlər də az olur. Çünki belə bir inanc var ki, “Tanrı” olmuş qızlar tez vəfat edir.