Azərbaycan erməni əsilli vətəndaşlarının da hüquqlarını qoruyur

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Heç bir əsir, girov narazı qalmayıb

  Azərbaycan dövləti insan haqlarına daim hörmətlə yanaşdığını indiyədək dəfələrlə sübut edib. Təkcə öz vətəndaşlarına qarşı deyil, Azərbaycan qanunlarını pozan, konstitusiyamıza hörmətsizlik edən, hətta separatçılıqla məşğul olaraq vətəndaşlarımızın, dinc əhalinin ölümünə bais olanları da qanun çərçivəsində mühakimə edib. Xocalıların qatili Vaqif Xaçaturyana da, ahıl yaşda olduğu nəzərə alınaraq ömürlük həbs cəzası verilmədi. Amma Ermənistan hökuməti qisasçılığını hər vəchlə davam etdirir. Əlinə kiçik bir fürsət düşən kimi əsirlərdən, girovlardan qisas alır, kimin hərbiçi, kimin mülki şəxs olduğuna məhəl qoymur. Erməni separatçılarının torpağa basdırdığı minalar, evlərdə, mülki obyektlərdə quraşdırdığı partlayıcı vasitələr birbaşa insan tələfatına yönəlmiş addımlar olub. Təəssüf ki, xainlərin insanlıq əleyhinə cinayətləri hələ də davam edir. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocavənddə yerləşən məktəbdə partlayıcı tələ qurğusunun aşkarlanmasını şərh edərkən bildirib. Ombudsmanın şərhində qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfələrlə tələ minalara, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinməsi faktı Ermənistanın azərbaycanlılara qarşı terror siyasətini bir daha təsdiq edir. "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə həyata keçirilən əməliyyatlar zamanı sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilmiş həmin tələ qurğusunun təhsil ocağında yerləşdirilməsi terrorun məhz dinc mülki əhaliyə qarşı yönəldiyini göstərir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Ermənistanın dinc əhalinin fundamental insan hüquq və azadlıqlarının kobud pozulması ilə müşayiət olunan cinayət əməllərini şiddətlə qınayır, beynəlxalq təşkilatları bu kimi əməllərə sərt reaksiya verməyə dəvət edirəm", - şərhdə bildirilir.
  Xatırladaq ki, Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb. ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası tapılıb. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib ki, qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ qurğu işə düşsün. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib. Partlayıcı qurğular ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilib.
  Qarabağa köçən mülki əhalinin ən adi, təməl haqlarından istifadəyə qarşı erməni separatçılarının bu cür qəddar addımlarına tez-tez rast gəlindiyini deyən D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Ermənistan dövləti nəinki özünə düşmən hesab etdiyi azərbaycanlılara qarşı, öz xalqına qarşı da terror siyasəti yürüdür:

- Ermənistan hökuməti heç öz vətəndaşlarının hüquqlarını təmin edə bilmir. Onlar üçün insan haqları, insan hüquqlarının müdafiəsi mövcud deyil. Onların azərbaycanlı əsirlərlə, girovlarla necə davrandıqlarının biz Qarabağ müharibəsində dəfələrlə şahidi olmuşuq. Ermənistan hökuməti də, Qarabağda vaxtilə quldurluqla məşğul olan separatçılar da ən adi insan haqlarını tanımırlar. Öz vətəndaşlarının hüquqlarını qorumayan, başqasını necə qoruya bilər? Ermənistan hökuməti ilə Azərbaycan dövləti arasında bu məsələdə köklü fərqlər vardır. Azərbaycan dövləti də, silahlı qüvvələrimiz, hüquq-mühafizə orqanları erməni əsirlərlə, girovlarla həmişə hüquq çərçivəsində davranıb, təməl ehtiyaclarını ödəyiblər. Heç bir əsir, girov Azərbaycandan narazı qalmayıb. Azərbaycan dövlətinin, ədliyyə sisteminin humanistliyinin göstəricisidir ki, ən qəddar qatil olan Vaqif Xaçaturyanla da humanist davrandı. Halbuki o, ən ağır cəzaya layiq idi. Amma biz yenə də onun yaşının çoxluğunu nəzərə aldıq və ona ömürlük həbs cəzası vermədik. Ermənistan hökumətinin qeyri-insani davranışları, mülki əhaliyə qarşı yönəlmiş insanlıqdan kənar addımları yenə davam edir. Məktəb binasına, yazı masasının altına qumbara yerləşdirmək nə deməkdir? Orda uşaqlar təhsil alacaqlar, müəllimlər sinif otağına daxil olacaq, deməli, bu addım mülki əhaliyə qarşı yönəlib. Bu, insan haqlarının ən kobud şəkildə pozulmasıdır. Ermənilər bizim əsirlərlə də qeyri-insani davranırlar. Ombudsman Səbinə Əliyeva bununla bağlı da beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan tərəfindən saxlanılan azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamalarını istəmişdi. Ombudsman tələb edirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotolar araşdırılsın. Ombudsman tərəfindən bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlanmışdı. Əsgərlərimizə işgəncə verilirdi, onlarla pis rəftar edilirdi. Amma Ermənistan Ombudsman təsisatı heç bir addım atmadı. Ermənistan tərəfindən əsir saxlanılan əsgərlərimiz Azərbaycan dövlətinin səyi ilə azad olundu. Amma bu hadisə bir daha onu göstərdi ki, Ermənistan dövləti insan haqlarına qətiyyən hörmət etmir. Azərbaycan tərəfi isə hərbi əsirlərlə həmişə humanist davranıb. Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən həm İkinci Qarabağ müharibəsi zamanı erməni hərbi əsirlərə, həm də postmüharibə dövründə azad edilmiş ərazilərimizdə saxlanılmış erməni hərbi dəstə üzvlərinə dəfələrlə başçəkmələr həyata keçirib, bununla bağlı bəyanatlar verilib, mediada çoxsaylı açıqlamalar yayılıb. Ombudsmanın müraciətində qeyd edilirdi ki, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə törədilən digər əməllərlə yanaşı, bir müddət əvvəl ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının təhqir edilməsi faktı da Ermənistanda geniş təbliğ edilən Azərbaycana qarşı nifrət siyasətinin nəticəsidir. N.Cəfəroğlu qeyd etdi ki, Azərbaycanın Qarabağda apardığı antiterror əməliyyatları uzun illər ərzində vətəndaşların hüquq və azadlıqlarının təmininə ciddi təhdid yaradan halların aradan qaldırılmasına, beynəlxalq hüquqla tanınan ərazisi üzərində öz suverenliyini tam təmin etməyə yönəlmişdi:
- Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində tədbirlər daim həyata keçirilib, indi də həyata keçirilir. Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir. Hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, müraciət etmələri üçün Çağrı Mərkəzləri, Qaynar xəttlər yaradıldı və erməni əsilli əhalidən nə qədər müraciət edənlər oldu. Onların ehtiyacları ödəndi. Amma Ermənistanın mina terroru davam edir. Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib. Və onlar arasında mülki şəxslər üstünlük təşkil edir. Ermənistanın iştirakçısı olduğu beynəlxalq sənədlərə əsasən insan hüquqlarının təmini sahəsində üzərinə düşən öhdəliklərə əməl etmir, çağırışlara laqeyd münasibət göstərir. Biz də hüquq müdafiə təşkilatı kimi üzərimizə düşən vəzifəni yerinə yetirərək insanların həyat və sağlamlığının müdafiəsi naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ölkəmizin məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırırıq.