Ermənilərin evlərinin qıfılı üstündə, necə var, eləcə də qalır  - Elşən Məmmədov Xankəndidən "Şərq"ə danışdı


Bu gün Xankəndidə tarixi günlərdən daha biri yaşanır. Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

“Qarabağ”-MOİK klublarının görüşü Xankəndi stadionunda keçirilir. Stadion 30 il əvvəl olduğu kimi yenə də öz doğma sahiblərini qarşılayır. Xankəndi stadionunda baş verənlər, yaşanan qələbəlik haqqında  Qusar Olimpiya Kompleksinin rəhbəri, idman sahəsi üzrə təcrübəli jurnalist Elşən Məmmədov "Şərq"ə məlumat verib. E.Məmmədov bildirdi ki, hazırda “Qarabağ”- MOİK matçı davam edir: 

- Hazırda matç davaç edir. Bu oyunun qalibi növbəti mərhələyə yüksələcək. Qalibi sadəcə, bir oyun müəyyən edir.Yəni, burada cavab oyunu deyilən matç yoxdur.  

E.Məmmədov Xankəndi stadionunun şəhər administrasiyası binası ilə üzbəüz yerləşdiyini bildirdi: 

- Stadion çox mənzərəli yerdə yerləşir. Buradan ətraf ərazilərə də çox gözəl mənzərə açılır, dağlar görünür. Bizim doğma dağlar... Belə bir yerdə Xankəndidə 30 il sonra Azərbaycan futbol klubları arasında matçın keçirilməsi əlamətdar, tarixi bir hadisədir. Qapıya rəmzi mənada top vurmaqla matçı Cənab Prezident İlham Əliyev açdı. Əvvəlcə cənab Prezident nitq söylədi. Torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq göstərərək şəhid olan əsgərlərimiz, döyüşçülərin xatirəsi yad edildi. Və Prezident Xankəndi stadionunda bu tarixi matçı izləməyə  gəlmiş şəhid ailələrinə səslənərək onları özünü əyləşdiyi seksiyaya dəvət etdi, hazırda da cənab Prezident şəhid ailələri, döyüşçülərlə birlikdə matçı izləyir. 
E.Məmmədov qeyd etdi ki, hazırda stadionda təqribən 5 min azarkeş matçı izləyir.  Paytaxtdan, ətraf bölgələrdən gələnlər var. Burada azarkeşlərlə yanaşı, ziyalılar, orumuzun zabit və əsgərləri, qazilər və  media mənsubları da iştirak edir. 
E.Məmmədov Ağdam dağıntıları barədə də danışdı: 
- Biz bura Ağdamdan keçərək gəlmişik. Ağdamda dağıntılar çoxdur. Təbii, quruculuq, yenidənqurma işləri, tikinti gedir, amma görünür ki, erməni separatçıları Ağdamda daşı-daş üstündə qoymayıb. Əsgəranda isə dağıntılar görmədik.  Köçüb getmiş ermənilərin evlərinin qıfılı üstündə, necə var, eləcə də qalır.