ABŞ İsrailə göndərdiyi təyyarədaşıyan gəmini geri çəkir?

ABŞ rəhbərliyinin Qəzzada böhranın başlanğıcında İsrailə dəstək məqsədilə Şərqi Aralıq dənizinə göndərdiyi USS Gerald R. Ford təyyarə gəmisini yaxın günlərdə geri çəkəcəyi iddia edilib.

Amerikanın ABC News kanalına açıqlama verən və adının çəkilməsini istəməyən iki ABŞ rəsmisi oktyabrın ortalarından etibarən bölgədə fəaliyyət göstərən təyyarədaşıyan gəminin missiya təlimatlarının tezliklə dəyişəcəyini bildirib.

Sözügedən rəsmilər qeyd ediblər ki, ölkənin inventarında olan ən böyük və ən yeni təyyarə gəmisi olan USS Gerald R. Ford təyyarədaşıyan gəmisi və onu müşayiət edən kreyserlər və hücum gəmiləri Şərqi Aralıq dənizini “yaxın günlərdə” tərk edərək, limana qayıdacaq. 
Eyni səlahiyyətlilər bölgədə hələ də İsraili dəstəkləmək üçün çoxlu gəmi və kreyser olduğunu və Təl-Əvivə dəstəyinin davam etdiyini əlavə edib.

Hələlik Pentaqondan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.