İstanbulda masaya yatırılan iki plan... 

ABŞ mətbuatı Hakan Fidanın Blinkenə dediklərini yazıb


ABŞ dövlət katibi Blinken müharibə başlayandan bəri dörd dəfə Yaxın Şərqdə olub. Bölgəyə getməzdən əvvəl Türkiyədə təmaslar edən Blinken nazir Fidan və prezident Ərdoğanla görüşləri ilə dünyaya səs salıb.
“Sherg.az” xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken və onu müşayiət edən nümayəndə heyəti, Türkiyə və Yunanıstanın da daxil olduğu Yaxın Şərq turu çərçivəsində Qəzzada baş verənləri müzakirə etmək üçün İstanbula gəlib. Blinken daha sonra proqramı çərçivəsində prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Görüşdə iki nazir Qəzzada davam edən insan faciəsini də dəyərləndiriblər. İsrailin artan təcavüzünün bütün bölgə üçün təhlükə olduğuna diqqət çəkən nazir Fidan dərhal atəşkəs elan edilməli və Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmalı olduğunu vurğulayıb. Görüş zamanı iki dövlətli həll üçün danışıqlara ən qısa zamanda başlamaq çağırışı edilib.
Kritik görüş dünya mətbuatı tərəfindən yaxından izlənildi və Qətər mərkəzli Əl-Cəzirə kanalına danışan ABŞ rəsmisi İsveçin gələn ay mütləq NATO-ya üzv olacağına inandıqlarını söyləyib. Türkiyədən sonra Yunanıstan və Yaxın Şərqə keçən Blinkenin səfərini dəyərləndirən ekspertlər ABŞ tərəfinin üç əsas mesajı olduğunu bildirib. Bu mesajlar, müvafiq olaraq, münaqişələrin azaldılması, humanitar böhranın sona çatması və İsraillə HƏMAS arasında müharibənin daimi sona çatmasıdır.
“Bloomberg”ə danışan yüksək rütbəli ABŞ rəsmisi bildirib ki, Vaşinqton müharibə bitdikdən sonra Qəzzanı necə idarə etmək planları üçün Türkiyədən dəstək almağa çalışır.
“Kathimerini” qəzeti "Blinken-Ərdoğan görüşünün gündəmi Qəzza və İsveçdir" başlığı ilə oxucularının qarşısına çıxıb. Yunanıstanın “In.gr” internet saytı, "Blinken və Ərdoğan Qəzza, F-16, Ukrayna və İsveçin NATO üzvlüyündən danışıblar" yazıb.
Blinkenin oktyabrın 7-dən bəri dördüncü dəfə Yaxın Şərq turnesinə çıxdığını xatırladan və Türkiyəyə gəldiyini bildirən “Time” jurnalı, İsrail ilə Həmas arasındakı müharibənin bölgəni təsir edən geniş miqyaslı böhrana səbəb ola biləcəyini yazıb.
“Time” jurnalı ABŞ və Türkiyə tərəfinin İranın müvəkkil qüvvələri ilə gərginliyi azaltmaq və Qəzzaya humanitar yardım göstərmək planlarını müzakirə etdiyini yazıb. Jurnalla danışan bir səlahiyyətli, Hakan Fidan Blinkenə İsrailin Qəzzada artan təcavüzünün bütün bölgəyə təsir edəcəyini və dərhal atəşkəsə nail olunması lazım olduğunu bildirib. Fidan həmçinin bağlı qapılar arxasında ABŞ tərəfinə iki dövlətli həll yolunun ən qısa zamanda həyata keçirilməli olduğunu qeyd edib.