Vətəndaşlarımız heç bir yoxlama proseduru olmadan Naxçıvana rahat gediş-gəliş əldə etməlidir
“Azərbaycanın mövqeyi isə çox qəti və prinsipialdır. Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində heç bir ciddi dəyişiklik yoxdur”
Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində rəsmi Bakının haqlı və konkret mövqeyini ifadə etdi. Ölkə rəhbəri Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın şərtlərinə zidd olaraq Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi yaratmadığını xatırlatdı. Prezident Naxçıvana gedən yolun təhlükəsizliyi ilə bağlı Ermənistan rəhbərliyinin qarantiyalarının kifayət olmadığını, nəzarəti razılaşmada qeyd olunduğu kimi Rusiya tərəfinin həyata keçirməli olduğunu vurğuladı. Dövlət başçısı Zəngəzur dəhlizini hərbi güc yolu ilə açmayacağını bəyan etdi. Eyni zamanda imzaladığı üçtərəfli sazişin bəndini icra etməyərək dəhlizi bağlı saxlayacağı təqdirdə, Azərbaycanın da Ermənistanı dünyaya açacaq nəqliyyat arteriyalarını bağlı saxlayacağını bildirdi: "Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir". Azərbaycanın strateji tərəfdaşı Türkiyənin də sərhədlərin açılması prosesini Azərbaycan-Ermənistan normallaşması ilə birbaşa əlaqələndirdiyini nəzərə alsaq, Ermənistan yenə də regionda təcrid durumunda, Prezidentin son çıxışında dediyi kimi, əbədi dalan rolunda qalacaq. Prezident Zəngəzur dəhlizi kontekstində Ermənistanın irəli sürdüyü “sülh kəsişməsi” layihəsinə də münasibət bildirdi. Ölkə başçısı bunu piar aksiya adlandırdı: “Faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir”. Prezident İranla alternativ yolun çəkilməsinə də münasibətini açıqladı. Qeyd etdi ki, Azərbaycan 3 ildir İrəvanın öz öhdəliklərini icra etməsini gözləyir. Əgər Ermənistan buna getmirsə, o zaman başqa yolumuz qalmır: "Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq". Prezident "Beləliklə, Ermənistan yenə dalan olaraq qalacaq" deyərək sözlərinə belə davam edib: "Onlar indi, necə deyərlər, bundan duyuq düşərək əl-ayağa düşdülər ki, biz kənarda qaldıq və hətta bildiyiniz kimi, Amerika Dövlət Departamentinin rəhbərinin müavini də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Dövlət başçısı Ermənistan tərəfinə çağırış edib ki, manipulyasiyalarla məşğul olmasın, əks halda öz-özünü növbəti dəfə dalanda qoyacaq. Ekspertlər bunun İrəvana sonuncu ciddi xəbərdarlıq olduğunu düşünürlər.
Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, proseslərin gedişi göstərir ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində heç bir ciddi dəyişiklik yoxdur. Deputatın sözlərinə görə, bu dəhlizin açılmasına Ermənistan mane olmağa çalışır:
"Azərbaycanın mövqeyi isə çox qəti və prinsipialdır. Cənab Prezident növbəti dəfə Ermənistan tərəfinə çox ciddi bir mesaj verdi ki, bu dəhliz açılmalıdır. Əslində, əvvəl də bu məsələyə bir neçə dəfə cənab Prezident toxunmuşdu. Qeyd etmişdi ki, ya könüllü formada Ermənistan bunu edəcək, ya da buna məcbur ediləcək. Düşünürəm ki, Ermənistan bu mesajlardan ciddi nəticə çıxartmalıdır və real addımlar atmalıdır. Zəngəzur dəhlizinin açılması və burada maneəsiz keçidlə bağlı məsələlər 10 noyabr razılaşmasında əksini tapıb. Gözlənti ondan ibarət idi ki, Ermənistan sərhədi, daha doğrusu, dəhlizi ən qısa vaxtda açacaq. Amma təəssüf ki, bunun real nəticələrini görmürük".
Parlamentari əlavə edib ki, əgər Ermənistan mane olmağa çalışarsa, Azərbaycan da öz məqsədlərini həyata keçirmək üçün digər məsələləri nəzərdən keçirə bilər: "Ermənistan reallığı nəzərə almalıdır. Əks təqdirdə bu məsələdən ən çox əziyyət çəkən, problemlə üzləşən Ermənistan özü olacaq, uzun müddət qapalı vəziyyətdə qalacaq. Azərbaycan vətəndaşlarının birmənalı olaraq Naxçıvana sərbəst, rahat gedişi üçün şərait yaradılmalıdır. Vətəndaşlarımız heç bir yoxlama proseduru olmadan Naxçıvana gediş-gəliş əldə etməlidir. Cənab Prezident çox açıq şəkildə Ermənistana mesaj verdi".