“Paşinyanın görməli olduğu əsas məsələ isə sülh müqaviləsini, çərçivə sənədini dərhal imzalamaq və kommunikasiyaların açılmasını reallaşdırmaq olmalıdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında Prezident İlham Əliyevin yerli mediaya açıqlamasında toxunduğu məqamlara dair fikirlərini söyləyib. Baş nazir iddia edib ki, Bakının son bəyanatları sülh prosesinə ciddi zərbədir. Paşinyan bildirib ki, Bakı və İrəvan qəti şəkildə razılaşıb ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır. Onun sözlərinə görə, Ermənistan ərazisi Ermənistan SSR-in ərazisi, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir: "Almatı Bəyannaməsində məhz belə deyilir: - Sovet ittifaqı dağıldı, dövlətlər öz ərazilərində müstəqillik əldə etdilər, sovet dövlətləri arasında inzibati sərhədlər dövlət sərhədinə çevrildi".
Paşinyanın qənaətincə, bu o deməkdir ki, sərhədin demarkasiyası prosesi sərhəd yaratmaqdan deyil, 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq mövcud olan sərhədlərin bərpasından gedir. Qeyd edək ki, Nikol Paşinyan bu vaxta qədər 1975-ci il (1974-78-ci illər) xəritələrindən istifadə ilə delimitasiya və demarkasiya prosesinin aparılmasını təklif edirdi. Lakin Prezident Əliyev İrəvanın niyə bu təklifdə israr etdiyini detallarına qədər aydınlaşdırdıqdan sonra Nikol Paşinyan “Almatı prinsipini” rəhbər tutmağa başlayıb. Baş nazir həmçinin iddia edib ki, Bakı 4 kəndini istəyirsə, İrəvan da Azərbaycan tərəfinin "işğal" etdiyi 32 kəndi tələb edir: "Azərbaycan 4 kəndin, Ermənistan isə Göyçə rayonu ərazisi də daxil olmaqla, həyati əhəmiyyətli əraziləri Azərbaycanın nəzarətində olan 32 kəndin məsələsini qaldırır. Başkənd 30 ildir ki, Azərbaycanın “işğalı” altındadır. Biz xəritəni canlandırmalıyıq və yeni razılaşmalar əldə etməliyik”. Ermənistan baş naziri bildirib ki, Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır. Vurğulamaq lazımdır ki, Paşinyan “32 kənd məsələsi” ilə sadəcə olaraq manipulyasiya edir. “32 kənd” dediyi ərazilər işğal olunmayıb, sadəcə, “nəzarət edilir” ki, bu da heç bir halda mübahisə predmeti ola bilməz. Yüksəkliklər Azərbaycan ərazisidir və əgər bu erməni kəndləri Azərbaycana aid yüksəkliklərin yaxınlığında yerləşirsə, bunun eksklavların qaytarılmasına heç bir aidiyyəti yoxdur. Görünür, Paşinyan yenə də siyasi müstəvidə oyunlara başlayıb.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyan "Bakı sülhə zərbə vurur” bəhanəsi ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Deputat vurğulayıb ki, 10 noyabr üçtərəfli bəyannaməyə əsasən, Ermənistan öz ərazisindən Naxçıvana və əks istiqamətdə Azərbaycan vətəndaşlarının, avtomobillərinin maneəsiz keçidini təmin etməlidir. Ancaq 3 ildən artıq müddət ötməsinə baxmayaraq, həmin bənd icra olunmur:
"Nikolun bunu İranla əlaqələndirməsi, nəqliyyat, kömrük tariflərinin tətbiq edilməsi tələbi cəfəngiyyatdan başqa bir şey deyil. Adama deyərlər, "öhdəlik götürmüsən, imza atmısan, zəhmət çək, yerinə yetir". Əks halda Laçın nəzarət-buraxılış postunun qoyulmasını, Fərrux dağı və digər əməliyyatları, separatçıların məhvini yada salsınlar. Paşinyanın sərhədlərin delimitasiyasında hansı xəritələrin əsas götürülməsi, anklavların qaytarılması, 32 kəndi "işğal"da olması kimi absurd iddialarına cənab Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində aydınlıq gətirib. 30 il qonşu dövlətin torpaqlarını işğalda saxlamış və əlavə torpaqlar uğrunda müharibəyə hazırlaşan bir ölkənin başçısı hansı haqla işğaldan danışır? Sərhədlər konkret siyasi və xronoloji metodologiyalara əsasən müəyyənləşdirilməlidir. Paşinyan sovet Azərbaycanı və sovet Ermənistandan danışır, 1991-ci il Almatı Bəyannaməsinə istinad edir. SSRİ zamanında qonşu müttəfiq respublikalar arasında otlaq və örüş sahələrinin, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədləri üçün torpaqların müvəqqəti istifadəyə verilməsi təcrübəsi var idi. O dövrdə Azərbaycan əraziləri Ermənistana müvəqqəti olaraq verildiyindən, sovetlər dağılanda Almatı deklarasiyasında nəzərə alınmamışdı. Ona görə də Almatı deklarasiyasının və yaxud 1970-ci illərin xəritələrinin əsas götürülməsi ciddi yanlışlıq olardı. Prezident İlham Əliyev haqlı olaraq delimitasiya və demarkasiya proseslərinin uzun müddət davam edəcəyini bildirdi. Dövlət başçısı Gürcüstanla Azərbaycan arasında həllini tapmamış nöqtələrin qaldığını misal gətirdi. Amma bütün bunlar sülh müqaviləsinin bağlanmaması üçün bəhanə olmamalıdır. Paşinyanın görməli olduğu əsas məsələ isə sülh müqaviləsini, çərçivə sənədini dərhal imzalamaq və kommunikasiyaların açılmasını reallaşdırmaq olmalıdır".