Yenə Vaşinqton, Brüssel formatı...

ABŞ sülhə gedən yoldan çəkilməyib

Ermənistan da çalışır ki, sülh sazişi Qərb meydançalarında imzalansın

  Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Davos İqtisadi Forumunda iştirakı çərçivəsində ABŞ dövlət katibinin müavini Ceyms Obraynla görüşüb. Qriqoryan Obraynın diqqətinə çatdırıb ki, İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünə razıdır. Bununla Armen Qriqoryan Obrayna demək istəyib ki, rəsmi Bakı nazirlərin Vaşinqtonda görüşünə hələ razılıq verməyib. Rəsmi Bakının Vaşinqton görüşüylə bağlı qərar verməməsi Dövlət Departamentinin bir neçə gün əvvəl dini mövzuda Azərbaycan əleyhinə yaydığı hesabatla əlaqəlidir. Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə ehtiyac olmadığını bildirib. Ona görə çoxdan gözlənilən və Dövlət Departamentinin yanlışları nəticəsində hər dəfə təxirə salınan Vaşinqton görüşü baş tutsa belə, bunun Bakı ilə İrəvan arasındakı dialoqa birbaşa təsiri olmayacaq. ABŞ-nin təkbaşına Azərbaycanla Ermənistan arasında sülh sazişinə təminatçı dövlət olması mümkün deyil.
  Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan açıq-aşkar Qərbpərəst siyasət həyata keçirir. Analitikin fikrincə, İrəvan daha çox Qərbin siyasi gündəmi ilə ayaqlaşır:

"Ermənistan Qərbdən gələn təlimatlar çərçivəsində gündəliyini tərtib edir. Davos İqtisadi Forumunda Moskvanın iştirakı olmadan Ukrayna-Rusiya müharibəsi müzakirə olunacaq. Həmin müzakirələrdə Ermənistan da aktiv iştirakçıdır. Bu da onu göstərir ki, İrəvan anti-Rusiya siyasətini davam etdirir. Ona görə də Ermənistan hər fürsətdə Vaşinqton və Brüssel formatlarını gündəmə gətirərək Qərb platformalarına üstünlük verdiyini ortaya qoyur. Əlbəttə, bu sifariş Qərbdən də gələ bilər. ABŞ və Avropa İttifaqı da istəyir ki, Azərbaycan-Ermənistan danışıqları onların təşkil etdiyi platformalarda aparılsın. Hesab edirlər ki, sülh sazişi Qərb meydançalarında imzalanarsa, onların da maraqları təmin olunar. Azərbaycan uzun müddət ABŞ və Avropa Birliyinin vasitəçiliyinə normal baxır, müsbət yanaşırdı. Ancaq hər iki platforma ermənipərəst mövqeyini davam etdirməyə başladıqdan sonra Bakının yanaşması dəyişdi. ABŞ-Azərbaycan münasibətlərinin müsbətə doğru dəyişməsinə ümid etsək də, sonrakı proseslər bunun əksini göstərdi. Vaşinqton açıq-aşkar ermənipərəst mövqeyini ortaya qoydu. Bir neçə gün öncə Dövlət Departamenti Azərbaycanı "dini azadlıqların məhdudlaşdırılmasında" ittiham etdi. Bu proseslərdən sonra Qərbin vasitəçiliyinin obyektiv və ədalətli olacağını gözləmək əbəsdir. Vasitəçi tərəf tutmamalıdır".