ABŞ ilə bərabər qonşu ölkələr də Tayvanın Çinə zorla birləşdirilməsinin əleyhinədirlər
Tayvanda "parlament seçkiləri" baş tutub. "Seçkilər"də Çin millətçiləri qalib gəlsə də, "prezident seçkilər"ini Tayvanın müstəqilliyini istəyən hazırkı hakim partiya qazanıb. Beləliklə, Tayvanın hakim Demokratik İnkişaf Partiyasının namizədi Lai Çinq-Te ölkənin yeni "prezidenti" seçilib. Məlumata görə, Lai səsvermədə 40 faiz səslə qalib gəlib. Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Pekin beynəlxalq ictimaiyyətin Çinin Tayvan separatizminə qarşı çıxışını dəstəkləyəcəyinə əmindir: “Biz əminik ki, beynəlxalq ictimaiyyət bundan sonra da “Vahid Çin” prinsipinə sadiq qalacaq, Çin xalqının Tayvanda separatçı fəaliyyətə qarşı çıxmasını, milli birləşməni başa çatdırmaq istəyini başa düşəcək və dəstəkləyəcək". Çinin xarici işlər naziri Vanq Yi deyib ki, Tayvan heç vaxt müstəqil ölkə olmayıb, keçmişdə də deyildi və gələcəkdə də olmayacaq: “Tayvan Çinin bölünməz bir hissəsidir və heç vaxt ayrı dövlət halına gələ bilməz. Gələcəkdə də Çinə geri qayıdacaq”. Avropa Birliyi Tayvanda keçirilən seçkilərə dəstək verib. Bildirilib ki, AB səsvermədə iştirak edən bütün seçiciləri təbrik edir, lakin Tayvan boğazında gərginliyin artması ilə bağlı narahatlığını davam etdirir: "Boğazda sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün vacibdir". ABŞ Prezidenti Co Bayden deyib ki, Amerika Tayvanın müstəqilliyini dəstəkləmir. O qeyd edib ki, ABŞ administrasiyası “Vahid Çin” siyasətini dəstəklədiyini dəfələrlə bəyan edib.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Tayvanda qələbə qazanan hakim Demokratik Tərəqqi Partiyasından 64 yaşlı lideri Lay Sinde adanın “müstəqillik” siyasətindən geri çəkilməyəcəyini bəyan edib. O, adanın status-kvosunun davamını dəstəklədiyini deyib:
"Lay Sindenin qələbəsi gözlənilən idi. Pekindən ilk reaksiya gəlib, Çinin müdafiə naziri Cjan Syaoqan bəyan edib ki, Tayvanın müstəqilliyi qəbuledilməzdir. Tayvanda parlament seçkisində isə cüzi səs çoxluğu ilə Çinlə dialoqun tərəfdarı olan siyasi partiyalar qələbə çalıb. Adanın lideri gələcək siyasətində bu amili nəzərə almalıdır. Buna baxmayaraq, Pekinlə Tayvan arasında dialoqun mümkünlüyü şübhə doğurur. Hakim Demokratik Tərəqqi Partiyası adanın müstəqil siyasətinin, ABŞ ilə tərəfdaşlığın gücləndirilməsinin, o cümlədən Tayvanın hərbi gücünün artırılmasının tərəfdarıdır. Bu siyasət Çinin maraqlarına ziddir. Belə görünür ki, Çin lideri Tsi Cinpinin Tayvan administrasiyasının lideri Lay Sinde ilə dialoqu alınmayacaq. Halbuki Tsi Cinpin yumşaq gücdən istifadə edərək adanı Çinə birləşdirməyə çalışır. Məsələn, Çin ada ilə ticarəti, turizm əlaqələrini gücləndirmək istəyir. Pekin Tayvana birgə iqtisadi zona yaratmağı da təklif edib. Ancaq Lay Sindenin qələbəsi ada ilə Pekin arasında əməkdaşlıq imkanlarını heçə endirib".
Ekspertin sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin açıqlaması Pekini sakitləşdirmək üçündür: "Buna baxmayaraq, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinin əleyhinədir. Çində hesab edirlər ki, ABŞ-nin dəstəyi olmadan Tayvan birləşməyə müqavimət göstərə bilməz. Tsi Cinpin hakim Kommunist Partiyasının son qurultayında bəyan etmişdi ki, birləşmə danışıqlar yolu ilə alınmasa, Pekin başqa üsullardan istifadə edəcək, yəni ordunun imkanlarından faydalanacaq. Buna baxmayaraq, xarici ekspertlər Çinin Tayvanı zorla adaya biləşdirəcəyinə risk etməyəcəyi qənaətindədirlər. Onların fikrincə, adanın zorla Çinə birləşdirilməsi Pekinə xeyli problem yaradacaq. Birincisi, bu, regional müharibəyə səbəb olacaq, xeyli canlı itki olacaq. İkincisi, Vaşinqton və Brüssel Çinə qarşı sərt sanksiyalar tətbiq edəcəklər ki, bu Çin iqtisadiyyatına mənfi təsir edəcək. Üçüncüsü, Çinin qonşu ölkələrlə münasibətləri daha da gərginləşəcək. Çünki ABŞ ilə bərabər qonşu ölkələr də Tayvanın Çinə zorla birləşdirilməsinin əleyhinədirlər. Məsələn, Yaponiya Tayvanın Çinə birləşdirilməsini istəmir. Tokio Tayvanın Çinə birləşməsi nəticəsində Pekinin adanın yaxınlığından keçən ticarət gəmilərinə nəzarət edəcəyindən narahatdır. Bu arada, “Bloomberg” agentliyi Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun da Çindən ehtiyat edilməsi gərəkliyini bildirib. Kemeron buna misal kimi vaxtilə Çinə birləşdirilən Honq-Konqda vəziyyətin gərginləşməsini və Sintzyan bölgəsində uyğurlara edilən zorakılığı göstərib. Avropa İttifaqı Tayvanda keçirilən seçkiləri alqışlasa da, ada ətrafındakı ümumi vəziyyətlə bağlı narahatlığını da bəyan edib. Brüsselin bəyanatında yazılıb ki, boğazda sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün vacibdir. Bununla Brüssel Pekini xəbərdar edib ki, zorla birləşdirilmə bölgədə vəziyyəti gərginləşdirəcək və bu halda Avropa İttifaqı Çinə qarşı sərt sanksiyalar tətbiq edəcək".