Məhkumları azot qazı ilə edam edəcəklər

ABŞ edam qaydalarını dəyişir

  ABŞ-nin Alabama ştatında 2022-ci ildə barəsində ölüm hökmü verilmiş Kenet Eugen Smit bu həftənin cümə axşamı edam ediləcək. Lakin onun ölümü indiyədək icra edilmiş edamlardan fərqli olacaq. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Kenet Eugen Smit barəsində ölüm hökmünün icrası edam qaydalarına tətbiq edilən dəyişikliklə bağlı olub. ABŞ-də 1982-ci ildən etibarən məhkumların edamı zəhərli iynə vurulmasıyla (ondan əvvəlsə elektrik stuluna bağlanmaqla edilirdi) aparılıb. Lakin hazırda edam hökmünün icrası üçün fərqli üsul düşünülüb. Bu da məhkumu nitrogen qazı (azot) ilə öldürməkdir. ABŞ ədliyyəsi belə hesab edib ki, zəhərli iynə vurularkən məhkum uzun müddət əzab çəkir, işgəncə içində ölür. Azot qazı isə insanın çox qısa zamanda huşunu itirməsinə səbəb olduğundan, o, ölüm acısının nə olduğunu bilmir. Bu edam gerçəkləşsə, ABŞ tarixində bir ilk olacaq. Azot qazından istifadəyə etiraz edənlər də var. Etirazçılar hesab edir ki, bu, vaxtilə faşistlərin əsirlər üzərində apardıqları dəhşətli təcrübəyə bənzəyir. Faşistlər də qaz kameraları quraşdırıb, insanlar üzərində təcrübə aparır, insanların necə əzab çəkdiyini, neçə müddət sonra öldüklərini izləyirdilər. Azot qazı zəhərli deyil. O, nəfəs aldığımız havanın 78 faizini təşkil edir. Lakin azot qazı oksigenlə bir yerdə zərərsizdir. Oksigensiz azot qazı isə ölümcüldür. Azot qazı ilə edam zamanı məhkum saf azotla nəfəs almağa məcbur ediləcək, məhkum orqanlarının normal çalışması üçün gərəkən miqdarda oksigen uda bilməyəcək, nəticədə orqanların fəaliyyəti getdikcə zəifləyəcək və nəhayət dayanacaq. İndiyədək ABŞ-nin heç bir ştatında edamın bu üsulundan istifadə edilməyib. Azot qazı ilə edama səbəb kimi həm də son zamanlar zəhərli iynələrin əldə olunması çətinliyi irəli sürülür. Ona görə də bəzi ştatlar edam üsulunun dəyişməsini təklif edir. Məlumata görə, Kenneth Eugene Smith, edam otağında oturacağa bağlandıqdan sonra üzünə Tip-C nəfəsalma cihazı yerləşdiriləcək. Həbsxana nəzarətçisi ölüm hökmünü oxuyacaq, məhkuma son sözünü demək imkanı veriləcək, sonra isə cihaza 15 dəqiqə ərzində azot qazı ötürüləcək. Alabama baş prokurorluğunun məlumatına görə, azot qazı saniyələr ərzində məhkumun huşunu itirməsinə və dəqiqələr sonra ölümünə səbəb olacaq. Maye halda olan nitrogen qazı (azot) udulduğunda ağız, boğaz və mədədə yanmaya səbəb olur və toxumaları sıradan çıxarır. Azot buxarı mədəyə çatar-çatmaz isinməyə başlayır və qaz qabarcıqları yaranır. Toplanmış qaz qabarcıqları mədəni partladır.