Qərb Ukraynadan dəstəyi çəkib: Kiyev "Partizan Müharibəsi" taktikasına keçəcək?

Ukrayna qoşunlarının cəbhədəki uğursuzluqları Qərbin Kiyevə yardımını azaltmaq üçün bəhanəyə çevrilməməlidir.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O bildirib ki, təmas xəttində vəziyyət daha da pisləşə bilər:
“Ukrayna ordusu artıq iki-üç ay əvvəllə müqayisədə daha çox artilleriya mərmisi qıtlığı yaşayır. Kiyev Moskva ilə danışıqlara razı olmayacaq və hətta Qərbdən gələn yardımların azalması nəticəsində resurs çatışmazlığı yaransa belə, mübarizəni davam etdirəcək”.

Dmitri Kulebanın sözlərini "Sherg.az" üçün şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-lə Qərbin Ukraynaya münasibətdə davranışları faktiki olaraq bütün dünya və analoji situasiyada olan dövlətlər üçün ciddi bir örnəkdir:
"Bundan sonra təxminən oxşar situasiyalarda olan dövlətlər ABŞ və Qərbin Ukrayna ilə bağlı tutduğu mövqeyə, qəbul etdiyi qərarlara daha ciddi yanaşmalı olacaqlar. Görünən odur ki, ABŞ və Qərb Ukraynanı Rusiyanın qarşısında tək başına buraxmış oldular. Bu rəsmi Kiyevin gələcək talehi üçün həddindən artıq təhlükəlidir. Hətta Rusiyada belə çağırışlar ortaya çıxmağa başlayıb ki, Ukrayna dövlətçiliyi ümumiyyətlə ləğv olunmalı, Rusiyanın tərkibinə daxil edilməlidir. Yəni sözügedən müharibə bir dövlətin talehini olduqca mənfi istiqamətə yönəltmiş oldu".

Politoloq Ukraynanın ümid bağlayacağı yeganə köməyin Avropa Birliyinin göstərəcəyi yardımlar olduğunu söyləyib:
"Çünki ABŞ bütün yükü AB-nin üzərinə yükləməyə çalışır. Amma AB-yə üzv dövlətlərin arasında da məsələ ilə bağlı ziddiyyətlər yaşanmaqdadır. Hazırda rəsmi Kiyevə dəstək gecidiyinə görə Ukrayna ordusu cəbhədə effektiv hərbi əməliyyatlar apara bilmir, hətta müdafiə taktikası belə çox çətinliklə həyata keçirilir. Bu baxımdan Dmitri Kulebanın açıqlamaları vəziyyətin acınacaqlığını özündə tam əks etdirir". 

E. Xalidbəyli yardımlar kəsilsə, belə rəsmi Kiyevin müharibəni davam etdirmək şansı olduğunu vurğulayıb:
"Belə ki, bəzi ehtimallara görə Ukrayna Rusiya ilə savaşı "Partizan Müharibəsi" taktikasına keçirə və 10 illiklər boyu savaşın davamına gətirib çıxara bilər. Rusiyanı narahat edən əsas cəhətlərdən biri bundan ibarətdir. Rusiyanın siyasi dairələrindən bu taktika ilə bağlı açıqlamalar verilir və takitikaya keçməyə imkan verməmək lazım olduğunu bildirirlər. Ukraynanın gələcək talehi müəammalı xarakter daşıyır".