Ermənistan saxta tarixlərindən qurtarmaq istəyir Politoloq 

Artıq erməni siyasətçilə idealoji dəyişikliklərin İrəvanda başladığının fərqindədir


“Ararat dağı (Ağrı dağı – red.) artıq İctimai Televiziyada dövlət himninin səsləndirilməsi zamanı yayımlanan kadrlarda yer almır”.

 Bunu erməni siyasətçi Aram Manukyan deyib.

“Araratın görüntüləri çıxarılıb, himnin videosunda yayımlanmır. Yəni Bakı və Ankaranın tələbləri yavaş-yavaş yerinə yetirilir”, – Manukyan bildirib.

O iddia edib ki, Paşinyan hökuməti artıq “erməni milli simvolları”na qarşı kampaniyaya başlayıb və bu istiqamətdə ciddi iş gedir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin konstitusiyasının dəyişdirilməsindən bəhs etmiş, Ağrı dağına iddiaların geri götürülməli olduğunu demişdi. Parlamentin spikeri Alen Simonyan isə gerb və himnin dəyişdirilməsinin müzakirə edilməli olduğunu açıqlamışdı.

Ermənistanda baş verən hadisələri və Aram Manukyanın fikirlərini "Sherg.az" üçün şəhr edən politoloq İlyas Hüseynov bildirib ki, Vətən müharibəsi və lokal xarakterli anti- terror tədbirlərindən sonra Ermənistanda qanunvericiliyin və konstitusiyanın dəyişdirilməsinə dair bir sıra iddialar səslənməkdədir:

"Eyni zamanda gerbin və himnin dəyişdirilməsi ilə bağlı açıqlamalar verilir. Ermənistan tərəfi onlara aid olmayan, amma mifik tarixlərində yer alan Ağrı dağla bağlı  böyük saxtakarlıqlar edirdilər. Yəni, Ermənistan Azərbaycan torpaqlarını işğal edib burada separatçı rejim formalaşdırdıqdan sonra öz geosiyasi ambisyalarını həm də Türkiyə ərazilərinə dikmişdi. Hazırda reallıqlar və geosiyasi vəziyyət dəyişib. Azərbaycan işğal altında olan ərazilərini azad etməklə beynəlxalq hüququ bərqərar edib. Nikol Paşinyan və komandası artıq qəbul edir ki, Qarabağ mövzusu artıq müzakirə predmenti deyil, və sözügedən mövzu siyasi gündəliklərindən tamamilə çıxıb". 

Politoloq erməni siyasətçilərin idealoji dəyişikliklərin rəsmi İrəvanda başladığının fərqində olduqlarını bildirib:
"Ermənistanda Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddiaları geri götürülməlidir. Ermənistan həm də öz tarixi missiyasını anlamalıdır. Böyük dövlətlərin əlində alət olduğunun fərqinə varmalıdır. Onlar bu sayədə saxta tarixlərini gələcək nəsillərə ötürməyə çalışırdılar. Amma indi tam əks bir proses gedir".