Deputat düz deyir: Narkotikdən daha təhlükəlisi qidalardır - EKSPERT

"Bəli, ölkəyə idxal olunan ətlərdə, kolbasalarda, burgerlərin ətlərində Y621 adıyla tanınan Çin duzu mövcuddur. Bu da asılılıq yaradır. İnsana iştah gətirir və acanda da bu qidalar yada düşür"

Qida məsələləri ilə bağlı ciddi təhlükələr var.  Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.  Deputat bildirib ki, narkotikdən qorxuruq, amma ondan daha təhlükəlisi qidalardır:

“Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. “Coco-Cola”, “Fanta”-lar… Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimi, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızda su çıxır, gedirik, mağazaya Fransadan belə su gəlir, amma bizim sular yoxdur”.

  Qida mütəxəssisi Ağa Salamov “Sherg.az”a açıqlamasında deyilənlərdə həqiqət payının böyük olduğunu bildirdi:

"Bəli, ölkəyə idxal olunan ətlərdə, kolbasalarda, burgerlərin ətlərində Y621 adıyla tanınan Çin duzu mövcuddur. Bu da asılılıq yaradır. İnsana iştah gətirir və acanda da bu qidalar yada düşür. Kolbasaların tərkibindəki ətlərdə isə nitrat duzu var. Bunu nəzərə alaraq bu qidadan ayda 1-2 dəfə ağız dadını dəyişmək üçün istifadə edilə bilər. Ancaq mütəmadi olaraq istehlak etdikdə orqanizmdə kimyəvi qatqıların dozasının artmasına gətirib çıxarır. Nəticədə piylənmə, ürək və bağırsaq xəstəliklərinin  yaranmasına səbəb olur. Rəngli, qazlı içkilərə gəldikdə isə bu məhsulların reklamları çox güclü olur. Bunların tərkibində fosfor turşusu mövcuddur və bu da şəkərin balanslaşdırılması üçündür. Bu maddə uşaqlarda sümük inkişafının qarşısını alır, yaşlılarda isə sümük əriməsinə səbəb olur. Hamilə xanımlara qəti qadağandır. Düşünürəm ki, adi su, kampotlar  qəbul etsək, daha məqsədəuyğundur. Çünki bunlar ən sağlam içkilər sırasına daxildir".